Dövlət İmtahan Mərkəzinin əməkdaşları Bakıda keçirilən Beynəlxalq konfransda məruzələrlə çıxış edirlər

18:30 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Konfrans “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda Dövlət İmtahan Mərkəzinin iki əməkdaşının da təqdimatla çıxış etməsi nəzərdə tutulub. Bu gün Mərkəzin Texnoloji nəzarət və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Tural Mustafayev “Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” (Digital Examination Production And Audit System) mövzusunda məruzə edib. O, öz çıxışında qeyd edib ki, DİM (keçmiş TQDK) hələ 2012-ci ildən çap edilən imtahan materiallarının keyfiyyətini yüksəltmək, sual kitabçalarını fərdiləşdirmək, yəni sual kitabçasını hər bir iştirakçının adına çap etmək, insan müdaxiləsi tələb etməyən, tam avtomatlaşdırılmış çap həlli vasitəsilə imtahan materiallarının təhlükəsizliyini təmin etmək məqsədilə imtahanlar üçün “Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” layihəsinin tətbiqinə başlayıb.

Bu layihə DİM-in keçirdiyi bütün növ imtahanlarda hər bir imtahan iştirakçısı üçün tam avtomatlaşdırılmış şəkildə, imtahan zalları üzrə paketlənmiş fərdi sual kitabçalarının hazırlanmasına imkan verir. Fərdi olaraq çap olunmuş sual kitabçalarının üzərində abituriyentə aid həm açıq, həm də kodlaşdırılmış bütün zəruri şəxsi məlumatlar öz əksini tapır. Bu da məhdud sayda əvvəlcədən hazırlanmış sual kitabçalarının imtahan prosesinə gətirdiyi məhdudiyyətləri aradan qaldırdığı üçün səmərəlidir. Kitabçaların fərdi məlumatları ehtiva etməsi imtahanlarda yazılı tapşırıqlardan da istifadə olunmasına şərait yaradır. Belə ki, bu tapşırıqlar sonradan yoxlanarkən kodlaşdırılmış fərdi məlumatlar sayəsində yazı işinin kimə məxsus olduğunu təyin etmək mümkün olmur və bu da şəffaflıq baxımından daha əhəmiyyətlidir. Qeyd olunan üstünlüklər göstərir ki, bu layihə imtahan prosesinin təhlükəsizliyini daha da artırır.

T. Mustafayev əlavə edib ki, “İmtahan üçün Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” hər bir imtahan iştirakçısının sual kitabçasının heç bir texniki səhv olmadan çap olunmasına və kitabçanın həmin şəxsin imtahan verəcəyi zalın zərfinə qoyulmasına təminat verir. Bu proses sual kitabçalarının hazırlandığı bütün mərhələlərdə müşahidə kameralarının nəzarəti altında həyata keçirilir

Sentyabrın 15-də isə Mərkəzin digər əməkdaşı – Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımovun “Azərbaycan Respublikasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologoyası” mövzusunda təqdimatı olacaq. Həmin təqdimatda respublikada 9-cu sinif səviyyəsindən buraxılış imtahanlarında şagirdlər tərəfindən yazılan yazı işlərinin qiymətləndirilməsi prosesi, bu prosesin həyata keçirilməsi üçün vacib olan qiymətləndirmə alətləri, marker hazırlığı, proqram təminatı, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin edilməsi ilə bağlı məsələlərə toxunulacaq.

Other news