Energetika naziri Qazaxıstanın energetika nazirinin müavini ilə görüşüb

17:48 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan arasında yaradılmış işçi qruplarının ilk iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Qazaxıstanın energetika nazirinin müavini Bolat Akçulakovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə işçi qruplarının iclasında müzakirə edilmiş məsələlər nəzərdən keçirilib. Qazaxıstanın neft, neft məhsulları və qazının Azərbaycan vasitəsilə nəqli perspektivləri və həyata keçiriləcək tədbirlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov  Hökumətlərarası Komissiyanın 14-cü iclası çərçivəsində qəbul edilmiş, 2018-2020-ci illərdə Azərbaycan və Qazaxıstan arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsü üzrə Yol Xəritəsinin icrasına toxunub və ticarət dövriyyəsinin artımını görülən işlərin nəticəsi kimi qiymətləndirib.  Nazir   yanacaq-energetika sahəsində  əməkdaşlığın gücləndirilməsi üçün  böyük potensialın olduğunu və bugünkü müzakirələrlə  ilk addımların atıldığını bildirib.

Qazaxıstanın karbohidrogen ehtiyatları, mövcud hasilat həcmləri və qazlaşdırma istiqamətindəki işlər barədə ətraflı məlumat verən qonaq isə deyib ki, “Kaşaqan” yatağından hasil olunan neftin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır.

Görüşdə energetika sahəsində gələcək əməkdaşlıq üçün bir sıra yeni təkliflər irəli sürülüb. Bu təkliflərin müvafiq qurumlarla öyrənilməsi tövsiyə edilib. Bundan başqa Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın  Astanada keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

 

Other news