“Xətai” metro stansiyası təmirə bağlanır

13:16 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Sentyabrın 27-dən “Bakı Metropoliteni” QSC təmir və bərpa-quraşdırma işləri ilə bağlı “Xətai” stansiyasını bağlayır.

Bakı Metropolitenindən bildirilib ki, 10 avqust 2019-cu il tarixinədək nəzərdə tutulan bütün işlərin başa çatdırılması planlaşdırılır.

“Stansiyanın bağlanması ilə əlaqədar olaraq, həmçinin  “Cəfər Cabbarlı-Xətai” istiqamətində qatarlar da dayandırılacaq”, - deyə məlumatda qeyd edilir.

Məlumatda vurğulanır ki, təmir və bərpa işləri zamanı, istismar müddəti bitmiş köhnə eskalatorlar dəyişdiriləcək. Bundan əlavə, stansiyada köhnəlmiş avadanlıq dəyişdiriləcək və vestibül təmir olunacaq.

“Stansiyada istifadədə olan  eskalator söküləcək. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Bunun nəticəsində sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan yaranacaq”, - Bakı Metropolitenindən bunu bildiriblər.

“Xətai” stansiyası 1968-ci ildə istismara verilmişdir.

Bakı Nəqliyyat Agentliyi sərnişinlərin nəzərinə çatdırır ki, “Xətai” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.

Other news