Azərbaycanın “Asan İmza”və Rəqəmsal Ticarət Qovşağı Estoniyanın eID Forumunda təmsil olunub

10:46 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. 19-20 sentyabr 2018-ci ildə Tallin (Estoniya) şəhərində beynəlxalq eID Forumu keçirilmişdir. Estoniyanın Dövlət İnformasiya Sistemləri Agentliyilə əməkdaşlıqda və Regional İnkişafın Avropa Fondunun rəsmi dəstəyilə keçirilən tədbir özəl müəssisələr və dövlət sektoru arasında açıq dialoqun qurulmasına, elektron identifikasiyanın ən yeni texnologiyaları və artıq istifadə olunan həllərin müzakirəsinə, onların inteqrasiyası və transsərhəd sahələrdə funksional uyğunluğuna, eləcə də rəqəmsal identitetin innovativ xidmətlərinin irəliləməsinə istiqamətlənmişdir.

Forumun partnyoru və iştirakçısı “Asan İmza” mobil elektron imzanın operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru «B.EST Solutions» şirkəti olmuşdur. Şirkətin rəhbəri və Azərbaycanda Mobile-ID layihəsi konsorsiumunun rəhbəri xanım Yana Krimpe BMT-nin ID2020 proqramının baş memarı Adam Kuper (Adam Cooper) ilə birlikdə uzaq regionlardan olan insanların və məhdud kompyuter və ya maliyyə savadı olan adamların rəqəmsal identitetə əlyetərlilik problemlərinə həsr olunmuş forumun səkkiz sessiyasından birinin panelinin moderatorları kimi çıxış etdilər.

Bu panel rəqəmsal identitetin standartları və rahatlığı məsələlərinə toxunmuşdur. Paneldə rəqəmli identitə uyğun istifadəçiyə istiqamətlənmiş milli identifikasiya sistemlərinin necə mövcud olduğu, texniki standartlardan onların geniş istifadəsi nəzəriyyəsinə keçidin necə baş verdiyi məsələləri müzakirə olunmuş, eləcə də bu məsələlərin həllində dünya innovativ təcrübəsinə nəzər salınmışdır.

Eyni zamanda Forumda Estoniyanın CIO-su Siim Sikkut, Avropa Komissiyasının DG Connect altbölməsinin rəhbəri Andrea Servida, İsrailin baş nazirinin ofisinin məsləhətçisi Ofer Ishai, DSA USA Sənədlərin Təhlükəsizliyi üzrə İttifaqın vise-prezidenti Neil Ivey, Lüksemburq CIO-su Gilles Feith və başqaları da çıxış etmişdilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan mobil rəqəmsal imzanın istifadəsi və onun müxtəlif dövlət və özəl elektron xidmətlərə inteqrasiyası üzrə dünyada lider mövqelərdən birini tutmaqdadır. Bura eyni zamanda “Asan İmza”nın Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən işlənib hazırlanan, dövlət və özəl sektorun əməkdaşlığı prinsipinə əsaslananazexport.az portalına da inteqrasiyası da daxildir.

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən daxili ticarət əməliyyatlarının genişləndirilməsi və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində azexport.az portalının gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülməkdədir. Ölkənin bütün dünya üzrə diplomatik nümayəndəlikləri və konsulluqlarına Azərbaycanda biznes qurmaq istəyən və ölkənin iqtisadiyyatına investisiya qoyan bütün dünya üzrə xarici vətəndaşlara m-Rezidentlik – “Asan İmza” mobil elektron imza sertifikatlarının təqdim edilməsi səlahiyyətləri verilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan m-Rezidentlik layihəsinin tətbiqi üzrə dünyada ilk, e-Rezidentlik layihəsinin tətbiqi üzrə isə Estoniyadan sonra ikinci ölkə oldu.

Estoniyada keçirilən eID Forumu haqqında daha ətraflı məlumatı https://www.eidforum.org/ linki vasitəsilə əldə edə bilərsiniz.

 

Other news