Eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib/Foto

16:50 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” ərəfəsində SOCAR rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilmişdir.

Müəssisənin əsas fəaliyyət istiqaməti dəniz və quruda neftqazçıxarma idarələrini elektrik dalma qurğuları (dalma nasosları) ilə təmin etmək və həmin qurğuların təmirini həyata keçirməkdən ibarətdir. Müəssisə dalma qurğularının təmiri üçün lazım olan 107 çeşiddə ehtiyyat hissələri istehsal etmək imkanına malikdir. Görülmüş işlər nəticəsində Mexaniki emal sahəsi müasir standartlara uyğun Alman texnologiyası ilə təchiz olunmuş müasir avadanlıqlar və qurğularla tamamilə yenidən qurulmuşdur. Eləcə də burada əsas bina, köməkçi qurğuların təmiri və ətraf mühitin abadlaşdırılması işləri görülmüşdür.

SOCAR prezidenti Rövnəq Abdullayev müəssisənin yenidənqurmadan sonrakı vəziyyətini yüksək qiymətləndirərək demişdir: “50 ildən artıq bir müddətdə neftqazçıxarmanın müxtəlif sahələrində bu müəssisənin istehsalı olan avadanlıqlardan istifadə edilmişdir. Aparılmış əsaslı təmir və yenidənqurma işləri hələ uzun illər ərzində neft hasilatında müəssisənin məhsullarından yararlanmağa imkan yaradacaq. Müasir avadanlıqlardan və texnologiyalardan istifadə edərək dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmir arası müddərtin uzanmasına nail olunacaq və bu da şirkətimizin ümumi maliyyə dayanıqlığına mühüm bir töhfə olacaqdır.”

Xatırladaq ki, Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat Müəssisəsi “Azneft” İB-nin tərkibində 1967-ci ildən etibarən fəaliyyət göstərir. Müəssisədə hal-hazırda 365 nəfər işçi çalışır. Müəssisənin dalma qurğularından 11 Neftqazçıxarma idarəsinin 470 quyusunda istismar olunur. Müəssisədə həmçinin “Azneft” İB-nin Neftqazçıxarma idarələrinin və digər təşkilatların tələbatını ödəmək üçün neft hasilatını tənzimləyən keramiki ştuserlər istehsal olunur.


Other news