İlham Əliyev: Rusiya Azərbaycan üçün bir nömrəli tərəfdaşdır

14:33 - 28.09.2018


28 sentyabr, Fineko/abc.az.  Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaş və qeyri-neft məhsullarının ixracında bir nömrəli tərəfdaşdır.

IX Azərbaycan-Rusiya regionlararası forumunun açılış mərasimində Prezident İlham Əliyev, enerji və neft-qaz sahəsində çox güclü əlaqələrimizin olduğunu bildirib.

“Biz, mənim Rusiya Federasiyasına rəsmi səfərim çərçivəsində “Rossneft” ilə SOCAR şirkətləri arasında əməkdaşlıq barədə mühüm sənəd - müqavilə imzaladıq. Eləcə də, 20 ildən artıqdır ki, Azərbaycanda “LUKoil” şirkəti uğurla işləyir, bizim üçün mühüm investordur. Elektroenergetika sahəsində bizim enerji sistemləri paralel rejimdə işləyir. Biz, mənim sentyabr səfərim çərçivəsində yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələləri müzakirə etdik. Bu xəttin tikintisi elektrik mübadiləsini daha çox nizama salmağa və bu sahədə üçüncü ölkələrlə əlaqələri genişləndirməyə imkan verəcək”. – dövlət başçısı bunu deyib.

Onun sözlərinə əsasən, bizim reallaşdırdığımız “Şimal-Cənub” layihəsi artıq öz nəticələrini verir. Ötən illə müqayisədə biz bu il həmin dəhlizlə yükdaşımaların nəqlinin 100 dəfədən çox artdığını görürük. Həm də bu, yalnız başlanğıcdır.

“Hesab edirik ki, bu dəhliz Avrasiyanın ən mühüm nəqliyyat xətlərindən biri olacaq, bununla da ölkələrimizin daha da yaxınlaşmasına kömək edəcək və tranzit potensialımızı artıracaq”, - deyə prezident vurğulayıb.

Prezident qeyd edib ki, bank sahəsində çox yaxşı əməkdaşlıq və perspektivlər mövcuddur. Azərbaycanda VTB kimi iri Rusiya bankı fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycan bu bankın ən iri xarici səhmdarıdır. Həmçinin “Qazprombank” nisbətən bu yaxınlarda Azərbaycanın 400 milyon dollardan artıq dəyəri olan iri sənaye layihəsini maliyyələşdirib.

“Maşınqayırma bizim əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır. Artıq yüzlərlə belə avtomobil konveyerlərdən düşürülüb. Eləcə də, bizim ölkəmizdə “QAZ” avtomobillərinin istehsalı haqqında razılıq əldə olunub. Yəni, biz bütün istiqamətlərdə çox səmərəli dinamika görürük və bütün bunlar bizim münasibətlərimizin ruhunu, xarakterini səciyyələndirir”, - deyə İ.Əliyev qeyd edib.

 

Other news