Enerji və İKT sektorlarında Alman-Azərbaycan təşəbbüsü yeni imkanlar təqdim edir

14:19 - 9.10.2018


9 oktyabr, Fineko/abc.az. 9 oktyabr 2018-ci il tarixində Fairmont Bakı Hotelində Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumu keçirilib. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK 
Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq 
çərçivəsində təşkil olunub.
Bu ilki Forumun əsas mövzusunu Enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün 
perspektivlər təşkil edib. Forumun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı 
tərəfdaşlarının Enerji və İKT sahələri ilə bağlı layihə və təkliflərini təqdim etmək və müvafiq sahələrdə
işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək olub.
Forumu salamlama nitqi ilə açan AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann tədbirin 
proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Forumun rəsmi açılış mərasimində Azərbaycan 
Respublikasının Energetika nazirinin müavini cənab Natiq Abbasov, Azərbaycan Respublikasının 
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat 
rəhbəri cənab Azad Cəfərli və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin Missiya 
rəhbərinin müavini xanım Andrea Sühl salamlama nitqi ilə çıxış ediblər.
Energetika nazirinin müavini cənab Natiq Abbasov Azərbaycanın enerji sektorunda yeni 
texnologiyaların tətbiqi barədə iştirakçılara məlumat verib. Enerji sənayesinin əsas prioritetlərindən 
olan rəqəmsallaşmanın rolunu vurğulayan cənab Abbasov həmçinin gələcək illərdə Alman şirkətləri 
ilə əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri cənab Azad 
Cəfərli informasiya texnologiyaları və telekommunikasiya sahəsində aparılan cari islahatlar barədə
çıxış edib. Rəqəmsal layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar haqqında danışan
cənab Cəfərli hal-hazırda elektron xidmətlərin inteqrasiyası və qiymətləndirilməsi sahəsində işlərin 
davam etdirildiyini bildirib.
Almaniya Səfirliyinin nümayəndəsi xanım Andrea Sühl Alman kansleri Angela Merkelin 2018-ci ilin 
avqust ayında Bakıya rəsmi səfərinin Almaniya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf 
etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, Azərbaycan iqtisadiyyatının 
şaxələndirilməsində və iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsində Almaniyanın dəstəyini 
vurğulayıb.
Açılış mərasimindən sonra Uniper SE şirkətinin Vitse-Prezidenti cənab Mixael Hilmer və Azərbaycan 
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr və Marketinq üzrə Vitse-Prezidentinin 
müavini cənab Vitaliy Bəylərbəyov öz çıxışlarını təqdim ediblər. Uniper şirkətinin Azərbaycandakı 
fəaliyyəti barədə təqdimat ilə çıxış edən cənab Hilmer Azərbaycan ilə əməkdaşlığın 
genişləndiriləcəyinə dair nikbinliyini ifadə edib. Cənab Bəylərbəyov Cənub Qaz Dəhlizi layihəsinin 
həyata keçirilməsində alman şirkətlərinin töhfəsini və Almaniyanın enerji təhlükəsizliyində
Azərbaycanın rolunu xüsusilə vurğulayıb.
Neft və Qaz sənayesində qlobal tendensiyalar və çətinliklər barədə İmpuls bölümündən əlavə, 
tədbirdə Enerji sektorunda innovasiyalar və iqtisadi islahatların aparıcı qüvvəsi kimi İKT sektoruna 
dair paralel müzakirələr keçirilib.
Müvafiq dövlət qurumlarından, yerli və Alman şirkətlərindən ibarət 200-ə yaxın nümayəndənin 
iştirak etdiyi tədbir şəbəkədaxili danışıqların keçirildiyi nahar yeməyi ilə yekunlaşıb.

 

Other news