İtaliyanın Turin Politexnik Universiteti Bakı Ali Neft Məktəbində

10:59 - 12.11.2018


12 noyabr, Fineko/abc.az. Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın Turin Politexnik Universitetinin nümayəndələri ilə görüş olub. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Francesca Verga, Rusiya Federasiyası ilə əlaqələr üzrə rektorun məsləhətçisi, prof.Stefano Lo Russo,  Avropa Birliyinin maliyələşdirdiyi layihələr üzrə menecer Francesca Chicco, BANM-ın Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov və digər məsul əməkdaşlar iştirak ediblər.

Görüşün məqsədi BANM və Turin Politexnik Universiteti arasında daha öncə imzalanmış əməkdaşlıq müqaviləsinin detallarını müzakirə etmək, yeni əməkdaşlıq istiqamətlərini təyin etmək olub.

Görüş zamanı rektor Elmar Qasımov Ali Məktəbin statistik göstəriciləri, məzunları, tədris proqramları və təcrübə imkanları haqqında nümayəndələrə ətraflı məlumat verib. Daha sonra rektor Turin Politexnik Universitetilə ikili diplom proqramları istiqamətində əməkdaşlıq və Erasmus+ proqramı vasitəsilə tələbə mübadiləsi imkanlarından danışıb.

Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Francesca Verga Ali Məktəbdə qonaq olduğundan böyük məmnunluq hissi keçirdiyini bildirib. Daha sonra xanım Verga Turin Politexnik Universiteti, mübadilə proqramları və universitetdəki mövcud kurslar haqqında məlumat verib.

Daha sonra Turin Politexnik Universitetindən dəvətli professorların BANM-da dərs deməsinin mümkünlüyü, Universitetin yuxarı kurs tələbələrinin BANM-a gələrək sənaye təcrübə proqramlarında iştirak etmələri, eləcə də digər tələbə və müəllim mübadilə proqramları barədə danışıqlar aparılıb.

Görüşün sonunda qonaqlar kampusla tanış olmaq üçün neft-qaz mühəndisliyi üzrə laboratoriyalarla yaxından tanış olublar, idman komplekslərinı gəziblər.

Other news