330x100
 

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin on ayı ərzində 3,8 milyon sərnişinə xidmət göstərmişdir

13.11.2018,15:08


13 noyabr, Fineko/abc.az. 2018-ci ilin on ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 3,8 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur.

“Azərbaycan Hava Yolları” (AZAL) Milli Aviadaşıyıcısı tərəfindən 1 milyon 628 min sərnişin, “Buta Airways” milli aşağıbüdcəli aviaşirkəti tərəfindən isə 382 min sərnişin daşınmışdır.

İlin əvvəlindən beynəlxalq reyslərdə ümumilikdə 3,28 milyon sərnişinə (ümumi sərnişin axınının 86 faizi) xidmət göstərilmişdir. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın,  11,6 faizi  isə “Buta Airways”in payına düşmüşdür.     

Oktyabr  ayında beynəlxalq sərnişin axını üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olmuşdur. Bu aviaşirkətlər tərəfindən ümumilikdə 123 min sərnişinə xidmət göstərilmişdir.

Hazırda Bakının hava limanı 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Oktyabr ayında ən məşhur beynəlxalq istiqamətlərin onluğuna İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Doha və Tel-Əviv daxildir. Bu istiqamətlər üzrə 210 min sərnişin uçuş həyata keçirmişdir. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən ən yüksək “5 ulduz” qiymətinə layiq görülmüşdür.

Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards”  versiyasına əsasən ikinci ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanları siyahısına  başçılıq edir.

Keywords: Azal