Azərsu daha bir elektron xidmətini istifadəyə verib

16:53 - 29.11.2018


29 noyabr, Fineko/abc.az. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə” Azərbaycan  Respublikası Prezidentinin Fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən 14-cü "Su nümunələrinin yoxlanılmasına dair müraciət” adlı elektron xidmət istifadəyə verilib.

Yeni xidmət ödənişli əsaslarla içməli su (bulaq, quyu, kəhriz, subartezian suları və s.), üzgüçülük-hovuz suyu, isitmə suyu, suvarma suyu və tullantı su nümunələrinin laboratoriyada yoxlanılması üçün müraciətin edilməsini nəzərdə tutur.

Bunun üçün www.e-gov.az  portalında qeydiyyatdan keçmiş vətəndaşlar portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra “Su nümunələrinin yoxlanılmasına dair müraciət” adlı elektron xidməti seçməlidir. Müraciətin qeydiyyata alınması üçün aşağıda qeyd edilən məlumatları sistemə elektron formada daxil edilməlidir.

  • Fiziki şəxs və ya hüquqi şəxs seçimi;
  • Göstəriləcək xidmətin növü (İçməli su, üzgüçülük-hovuz suyu, isitmə sistemlərində istifadə olunan su, suvarmada istifadə olunan su, tullantı suyu);
  • Müraciətin səbəbi;
  • Şifarişin məqsədi;
  • Nümunə üzərində aparılacaq analiz göstəricisinin adı (siyahıdan seçilməlidir);
  • Nümunənin götürüləcəyi ünvan (rayon/şəhər, kənd/qəsəbə, küçə, bina/ev nömrəsi, mənzil nömrəsi);
  • Sifarişçinin tələb və təklifləri;
  • Sifarişçinin telefon nömrəsi;
  • Sifarişçinin elektron poçt ünvanı.

Nümunələr üzrə aparılacaq analizlərin göstəriciləri seçildikdən sonra istifadəçilər  müvafiq bölmədə nümunənin yoxlanılması üzrə xidmət haqları ilə tanış ola bilər. Sifarişçi xidmətin göstərilməsinə razılıq verdiyini “Xidmətin həyata keçirilməsi proseduru ilə tanış oldum və şərtlərlə razıyam” seçimi ilə təsdiq etməlidir.

Daxil olan müraciətə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları tərəfindən baxılır və təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra üçün qəbul olunur. Nümunələrin ünvandan götürülməsi, sifarişçi ilə müqavilə bağlanılması laboratoriyanın mütəxəssisləri tərəfindən təmin edilir. Ödəniş edildikdən və nümunələrin yoxlanılması  yekunlaşdıqdan sonra sifarişçiyə elektron poçt vasitəsilə məlumat verilir. Analizlərin nəticələrini Mərkəzi Laboratoriyadan  kağız daşıyıcıda və ya www.e-gov.az  portalından elektron formada əldə etmək mümkündür.


Other news