UNEC tələbələri "Gənc investor 2018" III simulyasiya yarışında ilk üç yerin qalibi oldu

10:28 - 10.12.2018


10 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə III simulyasiya yarışı keçirilib.

"İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə keçirilən "Gənc investor 2018" III simulyasiya yarışında UNEC-in tələbələrindən ibarət komandalar da iştirak edib. Simulyasiya yarışı komandalar arasında master-klass təliminin keçirilməsi və birja simulyatoru ilə əməliyyatların aparılması mərhələsindən ibarət olub. Yarışda 19 komanda maliyyə bazarındakı prosesləri modelləşdirib, qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artırıblar.

Müsabiqənin sonunda UNEC-in “Inside Wall Street", “Finans scope” və “Big for” komandaları virtual gəlir məbləğinə görə daha çox mənfəət əldə edərək ilk üç yerin qalibi seçiliblər.

I yerin qalibi Beynəlxalq İqtisadiyyat (İSE) məktəbinin maliyyə ixtisası üzrə 2-ci kurs tələbələri Nicat Alışov (kapitan), Qönçə Muradova, Cavid Xasizadə və Nurlan Mahmudovun təmsil olunduğu “Inside Wall Street" komandasını olub. II yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə 2-ci kurs tələbələri Elşad İsmayılov (kapitan), İsa Əlizadə, Tural Kərimov, Elçin Əliyevin “Finans scope” komandası qazanıb. III yerin sahibi olan “Big for” komandasında isə UNEC-in SABAH qrupu İqtisadiyyat (ingilis dilli) ixtisasının 4-cü kurs tələbələri Murad Tağıyev (kapitan), Məhəmməd Xeyirxəbərli, Behbud Məlikov və Gülər Abbasova təmsil olunub.

Simulyasiya yarışının məqsədi fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, tələbələrin biznes sahəsində kommunikativ bacarıqlarını inkişaf etdirmək, investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə aşılamaq olub.

Yarışın qalibləri Bakı Fond Birjasında təcrübə proqramı keçmək hüququ qazanıb. Qalib komandalara kubok və hədiyyələr təqdim olunub.

Tələbələrimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!

 

Other news