PwC Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərə dair seminar keçirib

16:15 - 18.12.2018


18 dekabr, Fineko/abc.az. 17 dekabr 2018-ci ildə PwC Azərbaycan Vergi Məcəlləsinə və Azərbaycanın biznes qanunvericiliyinə digər əhəmiyyətli dəyişikliklərə həsr edilmiş seminar keçirmişdir. Seminar Landmark Plazanın Rotonda zalında baş tutmuşdur.

“Seminarın məqsədi müştərilərimizi və daha geniş biznes icmasını qanunvericilikdə edilmiş mühüm dəyişikliklər barədə məlumatlandırmaqdan ibarətdir. Biznes mühitində baş verən sürətli dəyişikliklər dövründə, biz ölkənin işgüzar və investisiya mühitinin təkmilləşdirilməsi üzrə Azərbaycan Hökuməti ilə işləyərək, çevik olmağa və müştərilərimizə fəal şəkildə məsləhət xidmətləri göstərməyə çalışırıq”, PwC-nin Azərbaycanda İdarəedici Partnyoru Mövlan Paşayev giriş sözündə qeyd etmişdir.

Seminar Azərbaycanda PwC Şirkətinin vergi və hüquq xidmətləri üzrə lideri Arif Quliyevin rəhbərliyi və moderatorluğu ilə keçirilmişdir. O, qanunvericilik prosesində dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Sessiyada 250-dən artıq şirkət rəhbəri, maliyyə direktoru və biznes sahibi iştirak etmişdir.

Azərbaycanın reytinqini əks etdirən PwC “Paying Taxes” hesabatının son nəticələri PwC-nin Avrasiyada Vergi Və Hüquq Xidmətləri üzrə lideri Maykl Aern tərəfindən təqdim edilmişdir. Hesabata əsasən, bu il Azərbaycan vergilərin ödənilməsi üzrə 28-ci yeri tutur.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz buna strategiyadan icrayadək vergi, hüquq, audit və məsləhət xidmətləri sahəsində müştərilərimizi maraqlandıran məsələlərin həllinə yönəldilmiş xidmətlər göstərməklə nail oluruq. PwC Azərbaycanda 6 ölkədən 140-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

 

Other news