Ağdam rayonunun cəbhə bölgəsində yerləşən 2 kəndinin içməli su problemi həll edilib

15:52 - 25.12.2018


25 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Ağdam rayonunda icra olunan içməli su təchizatı layihəsi yekunlaşıb. Layihə çərçivəsində rayonun Hacıturallı və Ballar kəndlərində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Kəndlərə içməli suyun verilməsi münasibəti ilə Ağdam rayonunun Ballar kəndində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib.  Bildirib ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda  içməli su ilə təminat həmişə aktual olub. Əsas su mənbələrinin işğal altında olması səbəbindən rayonun su ilə təminatında çətinliklər olurdu. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev kənd yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsini xüsusi vəzifə kimi qarşıya qoyub. Bu istiqamətdə həyata keçirilən layihələr sırasında cəbhəyanı ərazilərdə yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə 2018-ci ildə 41 kəndin içməli su təchizatı yaxşılaşdırılıb, növbəti illərdə digər kəndlərdə də belə layihələr icra olunacaq.

Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını keyfiyyətsiz quyu suları və uzaq məsafələrdən daşınan artezian suları ilə ödəyirdilər. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ağdam rayonunun Hacıturallı və Ballar kəndlərində su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb. Kəndlərdə müxtəlif diametrli borularla 9,4 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 48 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Ağdam rayonunun 2 kəndində icra olunan içməli su layihəsindən 1000-dən çox sakin faydalanıb. Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə  aparıldığından əhalidən ödəniş tələb olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə icra olunan layihələr 19 rayonunun 41 yaşayış məntəqəsini  əhatə edir. Bu layihələr 58 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.

 

Other news