Rejissor Ridli Skott “Türk Hava Yolları” üçün reklam çəkib

11:36 - 8.02.2019


8 fevral, Fineko/abc.az. Məşhur britaniyalı rejissor və prodüser Ridli Skott Şərq və Qərbin görüşdüyü məkanda – İstanbulda “Türk Hava Yolları” aviaşirkəti üçün qısametrajlı film çəkib. “Səyahət” adlanan və əsas hadisələri İstanbulun yeni aeroportiunda cərəyan edən filmin 30-saniyəlik treyleri ilk dəfə olaraq geniş kütləyə ABŞ-ın Milli Futbol Liqasının final matçı (“Super Bowl”) çərçivəsində nümayiş olunub, 6-dəqiqəlik tam reklam çarxı isə “Türk Hava Yolları”nın “YouTube” kanalında yerləşdirilib.

Bu, Avropa və Asiya qitələrini əhatə edən və 85 il ərzində aviaşirkətin qovşağı olan İstanbul şəhərinin diqqətəlayiq yerlərini əks etdirən bir hekayədir.

“Türk Hava Yolları” Superkubokun teleyayımı zamanı reklamını yerləşdirmiş ilk Türkiyə şirkəti kimi 2016-cı ildən tamaşaçıları özünün iulhamlandırıcı orijinal reklamları ilə sevindirir. Şirkət baş rolda Ben Afflekin iştirakı ilə “Betmen Supermenə qarşı: ədalətin şəfəqi” filminin sponsoru qismində çıxış edib. 2017-ci ildə dünyaca məşhur aktyor Morqan Frimanın iştirakı ilə “Dünyaya geniş baxın” reklam çarxı çəkilib, 2018-ci ildə isə aviadaşıyıcı məşhur kardiocərrah və teleaparıcı Mehmet Ozun iştirakı ilə yeni videoçarxı təqdim edib ki, burada dünyanın möcüzələri insanın 5 əsas hissi vasitəsilə tədqiq edilib.

"Superkuboka köklənən tamaşaçılar Ridli Skottun olduqca maraqlı filmində İstanbul mənzərələrini görəndə çox təəccübləndilər. Dünyanın hər yerindən olan səyyahları bizim səyahətimizə qoşulmağa və yeni evimiz olan İstanbul Yeni Hava Limanında türk qonaqpərvərliyi təcrübəsini yaşamağa dəvət edirik”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

“İstanbul su ilə əhatə olunmuş gözəl topoqrafiyası ilə insanı hekayələr yazmağa ilhamlandıran bir şəhərdir. İstanbul uzun illər ərzində heyrətləndirici və cəlbedici şəkildə baş qəhrəmanları birləşdirən hekayələr üçün zəngin bir mühitə malikdir”, - deyə Ridli Skott qeyd edib.

Filmdə İstanbulun Çırağan Sarayı, Yerebatan Sarnıcı, Ortaköy Meydanı və İstanbul Yeni Hava Limanı kimi diqqətəlayiq yerləri göstərilib. Aeroportda aparılan çəkilişdə 250 aktyor, ümumiyyətlə isə filmdə 500 aktyor iştirak edib. Hava limanındakı səhnələrdə “Türk Hava Yolları”nın ekipaj üzvlərinin yeni uniforması və kabinin yeni dizaynı nümayiş olunur.

Qeyd edək ki, “Özgə” (“Alien”, 1979), “Ülgüc üzərində qaçan” (“Blade Runner”, 1982), “Telma və Luiza” (“Thelma and Louise”, 1991), “Qladiator” (“Gladiator, 2000) və “Marslı” (“The Martian”, 2015) kimi filmləri ilə tanınan Ridli Skott hazırda həm kino, həm də reklam sahəsinin ən uğurlu rejissorlarından biri sayılır. Dördqat Oskar mükafatı nominantı olan rejissor 2 700 reklam çarxı çəkib.

Xatırladaq ki, ötən reklam kampaniyaları çərçivəsində “Türk Hava Yolları” Loinel Messi və Kobi Brayant kimi ulduz idmançılar, Morqan Frimen və Kevin Kostner kimi kino əfsanələri və “Səyahət”in baş qəhrəmanları Silviya Huks və Or Atika kimi ulduz aktyorlarla əməkdaşlıq edib.

“Türk Hava Yolları”nın “Səyahət” adlı yeni reklam filmi ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=C5CbPzfzhnw.

 


Other news