Azərbaycanın xidmət sektoru “Formula -1”dən 300 milyon dollar qazanıb

11:21 - 13.02.2019


13 fevral, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə keçirilən beynəlxalq tədbirlərin nəticələri barədə məlumat verdi.

Prezident İlham Əliyev yerli REAL TV telekanalına verdiyi müsahibəsində deyib ki, təkcə Formula 1 yarışı birbaşa ölkəyə, ölkənin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı.

“Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”, - deyə prezident bildirdi.

Onun sözlərinə görə, turizm hər bir ölkə üçün çox önəmli bir sahədir. Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlıdır.

“Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq. İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir”, - İlham Əliyev bunu deyib. Prezident qeyd etdi ki, ikinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər, Avropa Oyunları idi.

“2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu. 2017-ci ildə turistlərin sayı 20 faiz artdı. Amma o 22 faizin üstündə olan rəqəmdir. Keçən il 6 faiz artdı. Artım böyük deyil, amma artıq baza yüksəkdir. Bu ilin yanvar ayında yenə də artır”, - deyə prezident bildirdi.

 

Other news