330x110
 

Fevralın 22-də 2019-cu ildə ilk dəfə CEO Lunch Tbilisi keçiriləcək

13.02.2019,16:18


13 fevral, Fineko/abc.az. 2019-cu ildə Kvemo-Kartlı bölgəsinin infrastrukturunun inkişafına həsr edilmiş ilk CEO Lunch Tbilisi-nin fevralın 22-də Gürcüstanın paytaxtında keçirilməsi nəzərdə tutulub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

CEO Lunch Tbilisi-də fəxri qonaq qismində Kvemo-Kartlinin qubernatoru Şota Rexviaşvili, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov, həmçinin Gürcüstan hökumətinin nümayəndələri, iki ölkənin biznes dairəsinin təmsilçiləri iştirak edəcəklər. CEO Lunch Tbilisi-yə www.caspianenergy.org saytı vasitəsilə qeydiyyatdan keçmək olar.

CEO Lunch Tbilisi – netvorkinq üçün unikal platformadır. Bu platforma çərçivəsində yaradıcı zümrənin nümayəndələri, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi etmək imkanına malikdirlər.

CEO Lunch Tbilisi Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulması üçün əsas vasitə olmaqla yanaşı, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır. CEO Lunch Tbilisi-də adətən sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunur, ölkənin regionlarında biznesin aparılması ilə bağlı onları maraqlandıran məsələlərə toxunulur, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülür.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.