330x110
 

Rusiya səfiri: İnanıram ki, UNEC məzunları Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə töhfələr verəcək

06.03.2019,17:34


6 mart, Fineko/abc.az. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Bildirilib ki, UNEC regionun 4 dildə ali təhsil verən və Rusiya Federasiyasında filialı olan yeganə universitetidir. UNEC-də rus dilində tədrisə böyük önəm verildiyini diqqətə çatdıran rektor Rus İqtisad Məktəbinin (RİM) fəaliyyətindən söz açıb, fakültədə 9 ixtisas üzrə iqtisadyönümlü  tədris həyata keçirildiyini qeyd edib. UNEC-in Avropanın nüfuzlu universitetləri ilə magistratura və bakalavr pilləsi üzrə ikili diplom proqramlarından və əməkdaşlıq münasibətlərindən söz açan Ə.Muradov, Rusiyanın ali təhsil müəssisələri ilə də bu istiqamətdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. UNEC-lə Moskva Dövlət Humanitar İqtisad Universiteti arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşmasının əldə edildiyini, Plexanov adına Rusiya İqtisad Universiteti və “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti ilə əməkdaşlıq proqramlarının həyata keçirildiyini vurğulayıb.

M.Boçarnikov Azərbaycanda rus dilinə olan marağı hər iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirib. Azərbaycanda rusdilli təhsilin davam etdirilməsi məqsədi ilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və genişləndirilməsinə dəstək göstərəcəyini deyib.

Görüşdə Rusiyanın ali təhsil müəssisələri ilə birgə elmi jurnalların dərc olunması, yay məktəbinin təşkili, müəllim-tələbə mübadiləsinin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra rusiyalı diplomat Rus İqtisad Məktəbinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

UNEC-də RİM-nin yaradılmasını mühüm hadisə adlandıran səfir, fakültənin məzunlarının öz bilik və bacarıqları ilə Rusiya və Azərbaycanın iqtisadi əlaqələrinin inkişafına  böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Səfir müəllim və tələbələrin Rusiya universitetləri ilə əməkdaşlıq məsələləri, birgə elmi tədqiqatların aparılması, Xəzəryanı dövlətlərlə beyin mərkəzlərinin yaradılması, o cümlədən Rusiya-Azərbaycan münasibətləri, iqtisadi əlaqələrin inkişafı və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

Hər iki dövlət arasındakı münasibətlərin qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyinə diqqət çəkən diplomat, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. M.Boçarnikov Rusiya ilə elm və təhsil sahəsində əməkdaşlığın qurulması istiqamətində təkliflərlərin hazırlanaraq səfirliyə təqdim edilməsini tövsiyə edib.

Səfir UNEC-də olmaqdan məmnunluğunu ifadə edərək, müəllim və tələbələrlə  görüşlərin mütəmadi olaraq keçirilməsinin rus dilində tədrisin inkşafında faydalı olacağını bildirib.

Keywords: UNEC