Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan bankları üçün vəsait ayırmağa hazırdır

10:42 - 24.11.2017


24 noyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bankçılıq üzrə vitse-prezidenti Alan Pilonu qəbul edib.

Nazirlikdən verilən məlumata əsasən, görüş əsnasında tərəflər əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdilər.

“Nazir Şahin Mustafayev Cənub Qaz Dəhlizi layihəsinin  həm Azərbaycan, həm də Avropa üçün önəmli olduğununu bildirib. O, həmçinin, AYİB-in Direktorlar Şurasının Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin maliyyələşdirilməsi üçün bankın direktorlar şurası tərəfindən vəsait ayırmasının təsdiq edilməsinin əhəmiyyətini vurğulayıb.  

AYİB-in maliyyə dəstəyi ilə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun, Bəhramtəpə-Biləsuvar və digər avtomobil yollarının tikintisi planlaşdırılır. Həmçinin ölkə, AYİB ilə tullantıların idarə olunması, ekologiya və KOS-lara dəstək sahələrində də əməkdaşlıq edir”, - məlumatda belə deyilir.

Həmçinin deyilir ki, nazir, Bankın baş ofisində Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimatın keçiriləcəyini bildirdi.

“Alan Pilo Azərbaycanda iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı, gömrük, lisenziyalaşdıma və digər sahələrdə aparılan islahatları vurğulayaraq, Bankın bu addımları dəstəklədiyini diqqətə çatdırıb. AYİB Direktorlar Şurasının Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsinə dair sənədi təsdiq etməsini qeyd edən Alan Pilo layihə çərçivəsində Bankla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirildiyini və layihənin önəmli olduğunu vurğulayıb. O, bildirilib ki, Bank Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına hər zaman dəstək göstərməyə hazırdır. Bundan başqa, KOS-lara maliyyə dəstəyinin göstərilməsi, banklara maliyyənin ayrılması və bərpa olunan enerji sahələrində də əməkdaşlıq imkanları genişdir”, - məlumatda belə deyilir.

 

Other news