14 ölkə Bakıda keçiriləcək OPEC + monitorinq komitəsinin iclasında iştirakını təsdiqləyib

13:05 - 12.03.2019


12 mart, Fineko/abc.az. 17-18 mart tarixlərində Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.

Azərbaycan Energetika nazirliyinin məlumatında deyilir ki, 14 ölkə artıq öz iştirakını təsdiqləyib.

Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo  ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək.

OPEC üzvlərindən Əlcəzairi energetika naziri Mustafa Qituni, BƏƏ-ni energetika  və sənaye naziri Suheyl əl-Mazrui, Kuveyti  neft, elektrik və su naziri Xalid Əl-Fadhel, İraqı baş nazirin müavini, neft naziri Tamer əl-Qadban, Nigeriyanı neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Konqonu neft nazirinin müşaviri Jean Baptiste Pouti, Liviyanı isə Milli Neft Korporasiyasının idarə heyətinin sədri  Mustafa Sanalla təmsil edəcək.

Qeyri-OPEC ölkələrindən isə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Sudanın neft və minerallar naziri Azhari Abdalla, Bəhreynin neft nazirinin müşaviri Naser əl-Sovaidi və Bruneyin energetika və sənaye nazirinin müavini Matsateji Sokiav iştirak edəcək.

 

Other news