ARPA-nın 10 illiyi münasibətilə yubiley tədbiri keçirildi

14:22 - 28.03.2019


28 mart, Fineko/abc.az. 12 Mart 2019-cu ildə maliyyə sahəsində fəaliyyət göstərən peşəkarlar üçün mühüm platforma hesab olunan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) 10 illik yubiley tədbiri keçirildi. Fairmont Hoteldə baş tutan tədbirdə 10 illik fəaliyyət dövrü ərzində ARPA-nın sıx əməkdaşlıq əlaqələrinə malik olduğu dövlət qurumları və bank-maliyyə sektorundan çoxsaylı nümayəndələr iştirak etdilər.

Tədbirin açılış nitqini edən ARPA-nın sədri cənab Əli Bayramov assosiasiyanın yaranma tarixi, keçdiyi inkişaf mərhələləri, əldə edilən nailiyyətlər, ötən ilki fəaliyyət göstəriciləri, ARPA-nın komitələri, fərdi və korporativ üzvləri barədə ətraflı məlumat verdi.

Tədbir iştirakçıları ARPA-nın keçdiyi uğurlu inkişaf yolu, risk peşəkarları şəbəkəsi roluna paralel olaraq mühasiblər təşkilatı kimi əhatə dairəsini daha da genişləndirməsi, yerli və beynəlxalq səviyyədə qurulan əməkdaşlıq əlaqələrinin ölkənin iqtisadi inkişafına təsiri və gələcək perspektivlər barədə öz təəssüratlarını bölüşdülər.

Tədbir maraqlı məqamlarla yadda qaldı. 10 illik fəaliyyətdə böyük əməyi və dəstəyi olan şəxslərə ARPA tərəfindən təsis olunmuş mükafat təqdim olundu. Risk peşəkarları şəbəkəsinin formalaşmasında aparıcı roluna görə ARPA-nın Risk Komitəsinin sədri, eyni zamanda “AtaBank” ASC-nin Risk Menecment Departamentinin rəhbəri Elman Sadıqov, Maliyyə və mühasibat uçotu sahəsində maarifləndirmə və tədris fəaliyyətinin təşkilinə görə Bakı Mühəndislik Universitetinin “Mühasibat Uçotu və Audit” kafedrasının müdiri, ARPA-nın Mühasibat Uçotu Komitəsinin sədri Firudin Sultanov, Tədbirlərin təşkilində davamlı əməkdaşlıq və təşəbbüskar mövqeyinə görə “ZiraatBank Azərbaycan” ASC-nin Risklərin İdarə Edilməsi və Daxili Nəzarət Departamentinin rəhbəri Zəkəriyyə Mustafayev, Ən uzunmüddətli korporativ üzvlük statusuna görə “Atasığorta” ASC ARPA mükafatı ilə təltif olundu.

Bundan əlavə, tədbir iştirakçılarına ARPA-nın İllik hesabatı təqdim olundu və 2020-ci ilə doğru strategiyanın mühüm tərkib hissəsi kimi Beynəlxalq Mühasiblər Federasiyasına (İFAC) üzvlük prosesinə başlanması və hazırda gündəmdə olan “peşəkar mühasib” sertifikasiyası imtahanlarına hazırlıq kurslarının təşkili barədə məlumat verildi.

ARPA-nın növbəti 10 ildə də Azərbaycanda maliyyə idarəetməsi və risklərin idarə edilməsi sahəsində aparıcı rola sahib olacağı, malik olduğu beynəlxalq əhəmiyyətli sertifikasiya təcrübəsinə istinad edərək “peşəkar mühasiblərin” ilk məzunlarının formalaşmasında əvəzsiz rol oynayacağı şübhəsizdir.


Other news