2019-cu il üzrə Aİ Biznes Mühiti Hesabatı qarşıdan gələn Biznes Forumunda təqdim olunacaq

03.05.2019,17:37


3 may, Fineko/abc.az. Azərbaycanın Aİ Biznes Mühiti Hesabatının 2019-cu il buraxılışının təqdimatı gələn ay, 13 iyun tarixində keçiriləcək Aİ-Azərbaycan Biznes Forumunda baş tutacaq.

Ötən illərdə Azərbaycanın Aİ Biznes Mühiti Hesabatına diqqət artıb və hesabat ilə bağlı yerli və beynəlxalq biznes icması, Azərbaycan hökuməti və xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən bir çox müsbət rəy əldə olunub. Hesabat dövlət-özəl sektoru arasında keçirilən müzakirələrdə çox dəyərli bir vasitə olduğunu sübut edib və bu səbəbdən, hesabatın nəticələri bu il də yüzlərlə biznes və hökumət liderlərini bir araya gətirəcək qarşıdan gələn Aİ-Azərbaycan Biznes Forumunun mərkəzində olacaq.

Bu il, ölkədə fəaliyyət göstərən 130 Aİ şirkətinin iştirak etdiyi illik biznes mühiti sorğusunun nəticələrinə əsaslanan, Aİ tərəfindən maliyyələşdirilən və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən nəşr olunan hesabatın dördüncü buraxılışı işıq üzü görəcək. Hesabat Azərbaycanda biznes fəaliyyəti ilə bağlı cari vəziyyəti qiymətləndirir, əsas islahat nailiyyətlərini və mövcud çətinlikləri vurğulayır. AHK Azərbaycanın Bazarın Təhlili və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Bayramlı qeyd edib: “Sorğunun nəticələri onu göstərir ki, bəzi əsas funksiyalar ilə bağlı islahat təşəbbüsləri artıq müsbət nəticələr verməyə başlayır. Bu il bir çox sahədə irəliləyiş müşahidə olunur, lakin mövcud biznes və investisiya mühitini inkişaf etdirmək üçün hələ də görülməli işlər var. Aİ şirkətləri hal-hazırda yeni iqtisadi reallıqlara daha çox uyğunlaşdıqları və öz yaxın ətraflarında baş verənlərdən daha yaxşı xəbərdar olduqları üçün hökumətin uzunmüddətli strateji baxışının artıq daha aydın olmasını gözləyirlər.”

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Jankauskas bildirib: "Hesabat Aİ və onun üzv dövlətlərinin cəlb olduğu davamlı bir işin ümumi icmalıdır. Biz ölkədəki biznes mühitinin yaxşılaşdırılmasına yardım etmək və nəticə etibarilə, Aİ-Azərbaycan biznes əlaqələrini inkişaf etdirmək məqsədilə mütəmadi olaraq Azərbaycan hökuməti və şirkətləri ilə dialoq içərisindəyik.

Hesabatın təqdimatı mükəmməl bir vaxta təsadüf edir, çünki Biznes Forum çox sayda müvafiq sahibkarları, sənaye liderlərini, investorları və yüksək səviyyəli dövlət nümayəndələrini bir araya gətirəcək. Bu, Aİ biznes nümayəndələrinin təcrübələrini Azərbaycanlı tərəfdaşlarımız ilə bölüşmək və bu ilki Biznes Mühiti Sorğusunun nəticələrini müzakirə etmək üçün əla imkandır."

Aİ-Azərbaycan Biznes Forumu

Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən illik tədbirdir. Aİ tərəfindən maliyyələşdirilən biznes tədbiri Aİ-Azərbaycan biznes əlaqələrini təşviq etmək məqsədilə Avropa və Azərbaycandan olan yüksək səviyyəli biznes və hökumət nümayəndələrini bir araya gətirir. Bu il beşinci dəfə keçiriləcək Biznes Forumu 13 iyun tarixində JW Marriott Abşeron Bakı Hotelində baş tutacaq. Tədbirdə ümumi biznes mühiti müzakirə olunacaq və Kənd Təsərrüfatı, Əlaqələndiricilik və Turizm sahələri üzrə panel müzakirələri keçiriləcək. Qeydiyyat31 may 2019-cu il tarixinə kimi aparılır.

www.eeas.europa.eu