TANAP iyulun 1-dən Avropaya qaz nəql edilməsi üçün hazırdı

15:01 - 1.07.2019


1 iyul, Fineko/abc.az. SOCAR-dan verilən məlumata görə, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazırdı.

Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi  Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarxindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilmişdir.

Türkiyə-Yunanistan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra, “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Qeyd edək ki, TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiyə” Enerji A.Ş (7%) şirkətləridir.

Other news