İyun ayında Azərbaycanda gündəlik neft hasilatı 768 min barel təşkil edib

16:12 - 10.07.2019


10 iyul, Fineko/abc.az. Azərbaycanda iyun ayı üzrə gündəlik neft hasilatı 768 min barrel olub. Bunun  695 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib.

Energetika Nazirliyindən verilən məlumata əsasən, cari ilin  yanvar-iyun aylarında Azərbaycanda orta gündəlik neft hasilatı 771 min barrel təşkil edib.

“İyunda gündəlik 471 min barrel xam neft, 72 min barrel kondensat, 19,2 min barrel isə neft məhsulları ixrac edilib”, - məlumatda belə deyilir.

OPEC + razılaşması çərçivəsində Azərbaycan 2019-cu ildən gündəlik 20 min barrel, gündəlik 776 min barrelə qədər neft hasilatını azaltmağı öhdəsinə götürüb.

"Azərbaycan OPEC + razılaşmaları çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirir", - deyə məlumatda bildirilir.

Ümumilikdə, 2018 - ci il ərzində gündəlik neft hasilatı 792,6 min barrel, 2017-ci ildə isə 781,9 min barrel təşkil edib.

2016-cı ilin dekabrın 10-da  OPEC/NOPEC  ölkələrinin nazirlərinin iclası keçirilmişdir.  Görüşün nəticəsində  ölkələr ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. NOPEC ölkələri neft hasilatını gündə 558.000 barelə azaldırlar. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel həcmində  azaldmağı öhdəsinə götürüb. Razılaşma 2017-ci ilin birinci yarısına imzalanıb və onun şərtlərinin uzadılmasını nəzərdə tutub.

OPEC / NOPEC ölkələri 2017-ci il mayın 25-də Vyanada 172 nazirlər konfransında qeyd edilən razılaşmanın  9 ay müddətinə (2018-ci ilin mart ayının sonuna qədər) uzadılması barədə razılığa gəliblər. Ölkələr, 30 noyabr 2017-ci il tarixində Vyana şəhərində keçirilmiş 173-cü nazirlər görüşündə 2018-ci ilin sonuna qədər razılaşmanı uzatmaq barədə razılığa gəlmişdir.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

 

Other news