SOCAR istiqrazlarının sahiblərinə daha 1,25 mln. dollar ödəniləcək

14:36 - 11.07.2019


11 iyul, Fineko/abc.az. Faizləri hər 3 aydan bir ödənilən və dollarda illik 5 faiz gəlir qazandıran SOCAR istiqrazlarının iyulun 17-də cari il üzrə 3-cü, sayca 11-ci faiz ödənişi baş tutacaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksələcək.

“SOCAR Capital” şirkətindən bildirilib ki, hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,25 milyon dollar vəsait artıq Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 milyon dolları ötüb. İstiqrazlar Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – bu ilin ilk yarısında 232, ümumilikdə isə 1791 əqd bağlanıb.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının iyulun 17-də ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış olacaq və müddətin sonunda istiqraz sahiblərinin ümumi gəliri 25 milyon dollar təşkil edəcək.

Other news