İyunda OPEC ölkələrində neft hasilatı ən çox İran və İraqda azalıb

16:51 - 12.07.2019


12 iyul, Fineko/abc.az. İyunda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 90 min barrel azalaraq sutkada 29 milyon 910 min barrel olub.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 5 milyon 570 min barrel təşkil edib. Bununla da, iyunda OPEC üzrə ümumi istehsal sutkada 35 milyon 480 min barrel olub.

Hesabat ayında OPEC üzrə neft istehsalının artımı ən çox Nigeriya və Səudiyyə Ərəbistanında qeydə alınıb. Nigeriyanın hasilatı 110 min barrel artımla sutkada 1 milyon 770 min barrel olmaqla son 3 ilin maksimumuna çatıb. Kartelin ən böyük neft hasilatçısı Səudiyyə Ərəbistanında isə istehsal 70 min barrel çoxalaraq gündəlik 9 milyon 770 min barrel təşkil edib.

OPEC-ə üzv dövlətlərdən iyunda neft istehsalı ən çox azalan ölkələr isə İran, İraq və Anqola olub. ABŞ-ın sanksiyalarına məruz qalan İranın hasilatı 120 min barrel geriləyərək sutkada 2 milyon 280 min barrel təşkil edib. İraqda isə istehsal 60 min barrel azalaraq gündəlik 4 milyon 720 min barrelə enib.

Other news