SOCAR Vyetnamla neft ixracına dair müqavilə bağladı

17:28 - 8.12.2017


8 dekabr, Fineko/abc.az.  Azərbaycanın “SOCAR Trading” şirkəti ilə Vyetnamın “Binh Son Refining and Petrochemical Co.” (BSR) şirkəti arasında  müqavilə imzalanıb.

Müqavilənin qüvvədə olma müddəti, yəni 2018-2021-ci illər ərzində “SOCAR Trading” hər ay Vyetnam şirkətinə 3 milyon barel “Azeri Light” və  2 milyon barel digər markalı xam neft tədarük edəcək. Tədarük ediləcək xammal  “Dung Quat” neft emalı zavodu üçün nəzərdə tutulub.

BSR şirkətinin rəhbəri Nquyen Xoay Cianq bildirib ki, imzalanan müqavilə şirkət üçün çox böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Vyetnamda 2017-ci ilin ilk 11 ayı ərzində neft hasilatı illik müqayisədə   10,6% azalaraq 12,48 milyon ton  və ya gündəlik 273,8 min barelə düşüb.  Halbuki, ölkədə illik istehsal həcmləri 14,2 milyon ton səviyyəsində planlaşdırılmışdır.

“Thompson Reuters Eikon” sisteminin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında SOCAR Vyetnama artıq 4 milyon ton xam neft ixrac etmişdir.

 

 

Other news