Nobel Oil Services şirkəti Yay Təcrübə Proqramını uğurla bitirib

11:29 - 4.09.2019


4 sentyabr, Fineko/abc.az.  " Nobel Oil Services törəmə şirkətləri GLENSOL və PROKON ilə birlikdə 2019-cu ilin yay təcrübə proqramını uğurla bitirib. 

Proqram, 40 faizi xarici ölkələrdən müraciət edənlər olmaqla, ümumilikdə 1200-dən çox tələbəni cəlb edib və beləliklə seçim prosesində yüksək rəqabət təmin edilib. Bakalavr və magistr təhsili alan 20-dən çox tələbə real iş şəraitində praktiki təcrübə qazanmaq və şirkətin biznes fəaliyyəti və dəyərləri ilə tanış olmaq üçün təcrübəçi kimi seçilib. Təcrübəçilər əməliyyatlar, tikintinin idarəetməsi, SƏTƏMM, təchizat zəncirinin idarə edilməsi, hüquq, maliyyə və mühasibat, insan resursları, ictimaiyyətlə əlaqələr və digər sahələrdə çalışıblar.

"İnkluzivlik və bərabər imkanları təşviq etmək daimi olaraq işə qəbul prosesimizin əsas xüsusiyyətidir. Göstərdiyimiz səylərin nəticəsi olaraq seçim prosesində həm bölgələrdəki, həm də paytaxtdakı tələbələr nəzərdən keçirilib və proqrama dəvət olunub" deyərək Nobel Oil şirkətinin qrup üzrə insan resursları meneceri Ellada Alışova qeyd edib. 

"Ümid edirik ki, tələbələr Nobel Oil şirkətində qazandıqları təcrübə və bilikləri gələcək karyeralarında tətbiq edəcək və çalışdığı bölgələrdə peşəkar işçi qüvvəsinin inkişafında fəal iştirak edəcəklər" deyə o, əlavə etdi. 

Təcrübə proqramı Nobel Oil qrupu tərəfindən tələbələrin peşə bacarıqlarını inkişaf etdirmək və təcrübə toplamaq, eləcə də gənc istedadları şirkətin fəaliyyətinə cəlb etmək məqsədi ilə təşkil olunub. Təcrübəçilər peşəkar biliklərə malik olan mütəxəssislərdən öyrənmək və qabaqcıl təcrübələrini mənimsəmək  fürsətini əldə ediblər.

Nobel Oil Services neft-qaz, eləcə də enerji sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

 

 

Other news