Avqust ayında rekord sayda “ASAN Viza” verilib

11:22 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az. 2019-cu ilin avqust ayında Azərbaycana gəlmək üçün “ASAN Viza” alan əcnəbi vətəndaşların sayı rekord həddə çatıb. Belə ki, ötən ay ərzində Azərbaycana gəlmək üçün 134 fərqli ölkədən 125 424 əcnəbi vətəndaş “ASAN Viza” sisteminə müraciəti edib. Bu da  avqust ayının “ASAN Viza”nın yarandığı tarixdən ən çox müraciət edilən ayı olması ilə yanaşı, həmçinin 2018-ci ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir.

“ASAN Viza”–dan verilən məlumata görə, Azərbaycana avqust ayı ərzində e-viza üçün ən çox müraciət edənlər Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, Hindistan, Pakistan, İran, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt və Türkmənistan vətəndaşlarıdırlar.

Qeyd edilir ki, 2019-cu ilin ilk 8 ayına nəzər saldıqda isə, “ASAN Viza” vasitəsi ilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 43% artıb.

 

Other news