İrakli Lekvinadze: Gürcüstanda “Avro 5” standartının qüvvəyə minməsi ciddi problemlər yaradacaq

10:21 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. Gürcüstanda 2020-ci il yanvarın 1-dən yeni “Avro 5” standartının qüvvəyə minməsi ciddi problemlər yaradacaq.

Bu fikir Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadzenin ölkənin neft məhsulları idxal edən şirkətlərin nümayəndələri ilə görüşündə səslənib.

Görüşdə Gürcüstanda 2020-ci il yanvarın 1-dən etibarən dizel yanacağının keyfiyyəti ilə yeni standartların, xüsusən də “Avro 5” standartının tətbiqi məsələsi ciddi müzakirə olunub.

Bildirilib ki, 2020-ci il yanvarın 1-də yeni “Avro 5” standartı qüvvəyə minərsə, bu, ciddi problemlər yaradacaq. 2020-2021-ci illərdə Azərbaycandan Gürcüstana dizel yanacağının idxalı tam məhdudlaşacaq.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi bu və digər mühüm məsələləri nəzərə alaraq ölkədə “Avro 5” standartına keçidin bir il müddətinə təxirə salınmasını təklif edib.

Biznes ombudsman Gürcüstanda “Avro 4” dizel yanacağının istifadəsinə birillik moratoriumun tətbiq olunması təklifini dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, Gürcüstana idxal olunan dizel yanacağının 40 faizi Azərbaycanın payına düşür və yeni standartın tətbiqindən sonra idxalın bu hissəsi tam olaraq məhdudlaşacaq.

İ.Lekvinadze deyib: “Bizim aparat Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi və Azərbaycan Dövlət Neft Şirkəti ilə əlaqə saxlayıb. Biz məsələ ilə bağlı təkliflər hazırlayacağıq. Bu gün özəl sektordan aldığımız məlumat bu məsələnin yüksək səviyyədə qaldırılması üçün yaxşı zəmin yaradır”.

 

© Azertag.az

Other news