AZAL atmosferə atılan zərərli tullantıların miqdarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir

17:05 - 18.09.2019


18 sentyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) və “OpenAirlines” şirkəti “SkyBreathe” həllinin istifadəsinə dair razılaşma imzalamışdırlar.

Ətraf mühitə atılan zərərli tullantıların azaldılması məsələsinin AZAL üçün yüksək prioritet təşkil etdiyini nəzərə alsaq, bu razılaşma Azərbaycanın milli aviadaşıyıcısı üçün strateji xarakter daşıyır.

“SkyBreathe Fuel Efficiency” aviaşirkətlərin yanacaqdan səmərəli istifadəsi və tullantıların azaldılması üçün geniş informasiya emalı alqoritmləri, süni intellekt və kompüter təlimindən istifadə edən müasir həldir.

“Bütün reyslərimizdə yanacaq istifadəsinin analizi üçün “SkyBreathe” proqram təminatını ən yaxşı vasitələrdən biri kimi seçmişik. “SkyBreathe” kimi geniş imkanlara malik proqram təminatı bizim üçün yanacaqdan istifadənin səmərəliliyini artırmağa kömək edəcək əla bir resurs olacaq. Beləliklə, AZAL ətraf mühitin qorunması kimi vacib bir məsələyə də öz töhfəsini verəcəkdir", - “Azərbaycan Hava Yolları” aviaşirkətinin direktoru Cəmil Mənizadə qeyd etmişdir.

“Biz AZAL-a yanacaqdan istifadənin səmərəliliyinin daha da artırmağa kömək etdiyimiz üçün qürur duyuruq. Hal-hazırda aviaşirkətlər atmosferə karbon qazının atılması problemləri ilə üzləşirlər. “SkyBreathe” həllini istifadə edərək, AZAL bu amilə təsir edən xərcləri 2-5% azaltmaq ilə ətraf mühitin qorunması sahəsində lider mövqe tutacaqdır", - “OpenAirlines” şirkətinin baş direktoru Aleksandr Ferey qeyd etmişdir.

“OpenAirlines” ilə müqavilə bağlayaraq, “Azərbaycan Hava Yolları” “FlyDubai”, “Air France”, “Norwegian”, “Iceland Air” və digər bir sıra aparıcı aviaşirkətlər ilə yanaşı ətraf mühitin qorunması və yanacağın səmərəli istifadəsi üçün “Skybreathe” həllindən istifadə edən ən böyük aviaşirkətlər birliyinə üzv olmuşdur.

 

 

Other news