XII “Aquatherm Baku” sərgisi keçiriləcək

14:36 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. Oktyabrın 22-25-də Bakı Sərgi Mərkəzində XII Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - “Aquatherm Baku” sərgisi keçiriləcək.

Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

“Aquatherm Baku 2019” kondisionerləşdirmə, havalandırma, istilik və su təchizatı, eləcə də havanın emalı və təmizlənməsi sahəsində hər il keçirilən ixtisaslaşmış sərgidir. İştirakçıların 36 faizi yerli eksponentlərdir. Ənənəvi iştirakçılar arasında aşağıdakı şirkətlər yer alır: “Azertexnolayn”, “Anadolu Kafkas Insaat San. ve Tic. A.S.”, “Polymart”, “Euroclima”, “Newcond”, “Yusi Ko”, “Turan Makina” və sair.

Xarici iştirakçılar sırasında bu il Çex Respublikası, Çin, İtaliya, Livan, Rusiya, Türkiyə və digər ölkə nümayəndələri var. Sərginin debütantı qismində havalandırma sistemlərini təqdim edən Səudiyyə Ərəbistanı çıxış edir. Həmçinin Udmurt Respublikası da sərgidə öz regional stendi ilə çıxış edəcək.

Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyatorlar, istilik sistemləri, istilik izolyasiyası materialları, vanna və cakuzilər, saunalar, üzgüçülük hovuzları, qızdırıcılar, kompressorlar, kulerlər, enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, içməli su istehsalı, nasoslar, soyuducular, günəş enerjisi və sair kimi sektorlar əhatə olunacaq.

“B2B” formatlı görüşlərin, o cümlədən seminar, müsabiqə, təqdimat zonası və bir sıra digər tədbirlərin daxil olduğu dolğun işgüzar və əyləncə proqramı ilə müşayiət ediləcək.

Other news