Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək

10:21 - 8.10.2019


8 oktyabr, Fineko/abc.az.  Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək.

Xəbər verilir ki, məsələ rəsmi qaydada Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Yeni Baş Nazir hazırda Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsini tutan Əli Əsədov olacaq.

Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

MM-in iclasında daha 13 məsələ də müzakirə ediləcək.

Xatırladaq ki, Azərbaycanın hazırki Baş Naziri Novruz Məmmədovdur. O, 2018-ci il aprelin 21-dən bu postdadır.

 

© Report.az

Other news