Doqquz ayda əsas kapitala 10 mlrd. manatdan çox vəsait yönəldilib

16:25 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin doqquz ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 146,2 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,7 %-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri olub.

Qeyd olunur ki, ümumi sərmayənin 65,4 %-i məhsul istehsalı sahələrinə, 25 %-i xidmət sahələrinə, 9,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,5 %-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,5 %, büdcə vəsaitləri 26,9 %, bank kreditləri 7,3 %, əhalinin şəxsi vəsaitləri 6,6 %, büdcədənkənar fondların vəsaitləri 1,5 %, digər vəsaitlər isə 0,2 % olub.

 

 

Other news