Qlobal İnternet şəbəkəsi: formalaşması, müasir durumu və gələcəyi

16:45 - 6.11.2019


 

Qlobal İnternet şəbəkəsi: formalaşması, müasir durumu və gələcəyi

 

6 noyabr, Fineko/abc.az.  Artıq dünya üzrə hamını və hər şeyi əhatə etməkdə olan qlobal şəbəkə - internet insan həyatının ayrılmaz hissəsinə çevrilib. Bir neçə onilliklər əvvəl, daha dəqiq desək 1960-cı illərdə ABŞ-da yaradılan bu lokal şəbəkə qısa müddətdə müstəqil şəbəkələrdən ibarət böyük bir sistem olaraq formalaşıb və dünya dövlətlərini əhatə edib.

Hazırda internet dövlət, biznes, kommunikasiya, səhiyyə, təhsil və digər sahələr üçün çox əlverişli bir platformadır. Üçüncü Sənaye İnqilabı dövründə formalaşan və inkişaf edən internet artıq Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) dövründə rəqəmsallaşma, informasiya mübadələsinin əsas sütünlarından birinə çevrilərək dövlətlər və cəmiyyətlərin həyatında dayanıqlı inkişafa çatmaqda mühüm rol oynayır.

1958-ci ildə ABŞ prezidenti Duayt Eyzenhauer tərəfindən SSRİ-nin 1957-ci ildə dünyada ilk süni peyki fəzaya buraxmasına reaksiya olaraq təsis edilən ABŞ-ın Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələrinin İdarəedilməsi üzrə Agentliyi olan ARPA (ARPA - Advanced Research Projects Agency) bir neçə il sonra dünyada ilk olaraq müasir internetin əsasının yaradılmasına nail olur. Qurum daha sonra DARPA olaraq adlandırılır. Agentlik 1960-cı illərdə kompüter şəbəkəsinin qurulması üzərində çalışır və 1967-ci ildə ARPANET adlanan plan meydana çıxır. ARPANET şəbəkəsi üzrə ilk məlumat 29 oktyabr 1969-cu ildə kompüter elmləri professoru Leonard Kleynrok tərəfindən Los Ancelesdəki Kaliforniya Universitetindən ikinci şəbəkə nöqtəsi olan Stenford Tədqiqatlar İnstitutuna göndərilir. Daha sonralar məhz 29 oktaybr tarixi ümumdünya internet günü olaraq qeyd olunur. Sonrakı illərdə ARPANET şəbəkəsinə qoşulan məntəqələr də getdikcə çoxalır və beləliklə vahid şəbəkə formalaşır.

1984-cü ildə ABŞ-ın Milli Elm Fondu Müdafiə Nazirliyinin ARPANET şəbəkəsi əsasında NSFNET (National Science Foundation Network – Milli Elm Fondu Şəbəkəsi) şəbəkəsini yaradır. 1992-ci ildə ARPANET-dən fərqli olaraq bu açıq şəbəkəyə qoşulmuş kiçik şəbəkələrin sayı artaraq 7500-ü keçir və bunlardan 2500-ü ABŞ hüdudlarından kənarda olur. Sonrakı dövrlərdə telekommunikasiya sənayesi ilə əməkdaşlıq, kommersiyalaşma müasir internetin formalşamasına səbəb olur və ARPANET sistemi özü 1990-cı ildə bağlanır.

İnternetə qoşulan şəxslərin və cihazların sayı davamlı olaraq artır

Hazırda internetdən istifadə günü-gündən artır. “Internet World Stats”ın (Dünya üzrə internetdən istifadə, əhali, sosial media statistikası və internet bazarını araşdıraraq məlumatları təqdim edən beynəlxalq internet resursu) məlumatlarına əsasən (30 iyun 2019-cu il tarixinə olan məlumat), dünya üzrə ümumi əhalinin sayı 7 milyard 716 milyon nəfərdir və qlobal olaraq internet istifadəçilərinin sayı hazırda 4 milyard 536 milyon nəfər təşkil edir. Əgər bunu faiz nisbəti ilə ifadə etsək, internet istifadəçiləri dünya əhalisinin 58.8 %-ni təşkil edir.

İnternet istifadəçilərinin sayı Asiya regionu üzrə 2 milyard 300 milyon nəfər (55 %), Avropa regionu üzrə 722,6 milyon nəfər (10.7 %), Afrika regionu üzrə 522,8 milyon nəfər (17.1 %), Şimali Amerika regionu üzrə 327,5 milyon nəfər (4.7 %), Latın Amerikası və Karib hözvəsi regionu üzrə milyon nəfər 453,7 milyon nəfər (8.5 %), Yaxın Şərq regionu üzrə 175,5 milyon nəfər (3.3 %) və Okeaniya/Avstraliya regionu üzrə 28,6 milyon nəfər (0.5 %) təşkil edir. Ölkəmizdə isə internet istifadəçilərinin sayı resursun məlumatına əsasən, 7 milyon 991 min nəfər təşkil edir və əhalinin 79.8 faizi internet istifadəçisidir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %).

Hazırda internet həm genişzolaqlı, həm də mobil internet olaraq sürətlə inkişaf edir. Dünya üzrə uzunluğu on minlərlə kilometr olan okeanaltı və yerüstü yeni magistral fiber-optik kabel xətləri çəkilir və beləliklə qitələr və ölkələr birləşir, bağlantı (connectivity) imkanları artır. İnfrastrukturun inkişafına operatorlar tərəfindən milyardlarla ABŞ dolları vəsait sərf edilir, TİER 3 və TİER 4 səviyyəli yeni Data Mərkəzlər tikilir. Dünya üzrə hər ötən il rəqəmsal kontentin daha çox yaradılması, bu kontentin həcminin qat-qat çoxalması və qlobal informasiya məkanının həcminin artması (“IDC” və “Seagate” təşkilatlarının hesablamalarına görə qlobal informasiya məkanının həcmi 2025-ci ildə 5 qat artaraq 175 zettabayta çatacaq) səbəbindən buraxılış gücü daha çox (1 saniyədə onlarla terabit həcmində informasiyanın ötürülməsi) olan yeni Transokean fiber-optik magistral kabel xətləri formalaşır. Həm yerüstü, həm də okeanaltı fiber-optik kabel xətlərinin informasiya daşımaq gücü əlbəttə ki, fərqlənir. Yeni çəkilmiş kabel xətlərində bu həcm daha böyük olur. Məsələn, 2018-ci ildə istismara verilmiş ABŞ-ın Virciniya sahilindən İspaniyanın Bilbao şəhərinə qədər uzanan 6605 km uzunluğunda “MAREA” okeanaltı kabeli 1 saniyədə 208 terabit informasiya daşımaq gücünə sahibdir.

 

Qeyd edək ki, ilk qitələrarası kabel xətti 1858-ci ildə İrlandiyadan Kanadaya - Nyufaundlendə qədər çəkilib (Transatlantik teleqraf kabel xətti) və iki qitə arasında teleqfar rabitəsini mümkün edib. Telekommunikasiya bazarını araşdıran və məsləhət xidmətləri təqdim edən “Telegeography” şirkətinin verdiyi məlumata əsasən, hazırda təxminən 370-dən çox okeanaltı kabel xətləri mövcuddur və bu xətlərin ümumi uzunluğu 1.2 milyon km. təşkil edir.  Məlumat üçün bildirək ki, Xəzər dənizinin dibi ilə də belə bir fiber-optik magistral kabelin çəkilməsi layihəsi icra edilir və “Transxəzər magistralı” adlanan layihə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti tərəfindən “Azerbaijan Digital HUB” proqramı (Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevrilməsi) çərçivəsində reallaşdırılır. Layihə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin - Rəqəmsal İpək Yolunun (Digital Silk Way) formalaşması üçün Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilişini özündə ehtiva edir.

Bu gün texnoloji tərəqqi həmçinin mobil internetin də inkişafına təsir edir. “GSMA” təşkilatı “The Mobile Economy 2019” hesabatında göstərir ki, dünya üzrə mobil internet istifadəçilərinin sayı 2018-ci ildə olan 3.6 milyard nəfərdən 2025-ci ildə 5 milyarda çatacaq. Əşyaların interneti (Internet of Things - IoT) – vahid şəbəkəyə qoşulmuş və bir biri ilə bağlantılı olaraq informasiya ötürən ən müxtəlif cihazların sistemi) cihzalarının sayı 2018-2025-ci illərdə 9.1 milyard cihazdan 25.2 milyard cihaza qədər artacaq. Hesabata əsasən, bu dövrdə Əşyaların internetindən əldə olunan gəlir də 4 dəfə artaraq 1.1 trilyon ABŞ dolları həcmində olacaq.

İnternetin gələcəyi

Hazırda internetin sürətli inkişafı, kibertəhlükəsizlik kimi məsələlərin aktuallıq kəsb etdiyi şəraitdə yəqin ki, hər kəsi düşündürən məsələlərdən biri də internetin gələcəyinin necə olacağıdır. İnternet gələcək onilliklərdə hansı dəyişikliklərə məruz qala bilər? Əlbəttə ki, bu suala birmənalı cavab vermək çox çətindir. Lakin ekspertlər öz fərqli proqnozlarını isrəli sürürlər.

Məsələn, “İnternet necə formalaşıb: Netscapedən iphone-yə qədər” kitabının müəllifi, yazıçı Brayan Makkalou bildirir ki, biz gələcəkdə internetin bir neçə versiyalarını görəcəyik. Yəni biz parçalanmış internet görəcəyik. İnternetin hazırda Çin və Qərb versiyaları kimi gələcəkdə Rusiya və Hindistan versiyaları da olacaq. Şirkətlər seqmentdən və ölkələrdən asılı olaraq biznesin uğurlu aparılması üçün seçimlər qarşısında qalacaqlar.

Merilend Universitetinin professoru Sara Ann Outs isə qeyd edir ki, gələcəkdə internet auditoriya müxtəlif növlərə bölünəcək və biz dövlətlərin yaratdığı milli platformaları görəcəyik. İnsanlar qlobal media platformalardan uzaqlaşacaq və yalnız maraq qrupları üzrə yaxın şəxslərlə qarşılıqlı ünsiyyətdə olacaqlar.

Nyu-York Universitetinin dosenti Nikol Staroselski isə qeyd edir ki, internet-infrastrukturun əsas hissəsi olan yerüstü infrastruktur (Data Mərkəzlər, yerüstü kabellər, İnternet Servis Provayderlərinin ofisləri) gələcəkdə iqlim dəyişikliyindən zərər görəcək. İqlim böhranı internet trafikinin istehlakına təsir edəcək. Nəticədə, dayanıqlı və sürətli internet imkanlı şəxslər üçün əlçatan olacaq.

Əlbəttə, ekspert cəmiyyətinin fikirləri müxtəlifdir. Amma bir məsələdə böyük əksəriyyət o fikirlə razıdır ki, internet, ümumilikdə bağlantı xidmətləri gələcək illərdə daha sürətli, az gecikməli və hamını əhatə edən olacaq. Qlobal tarfikin həcmi artacaq. Okeanaltı və dənizaltı kabellərin, eləcə də dünya üzrə İnternet Mübadilə Mərkəzlərinin (IXP – Internet Exchange Point) sayı çoxalacaq. Qeyd edək ki, 2017-ci ildə dünya üzrə 421 İnternet Mübadilə Mərkəzi mövcud olub. 2018-ci ildə isə bu rəqəm 528-ə çatıb. Həmçinin, qarşıdakı illərdə yeni 5G texnologiyası üzrə qoşulma xidmətləri də artacaq və bu texnologiya böyük həcmli məlumatların ötürülməsinə imkan verəcək. 2025-ci ilə qədər internet qoşulmaların 4/5-ü məhz smatrfon üzərindən olacaq. 2020-ci ilə dünya bazarının beşdə birindən çoxu 5G texnologiyasını tətbiq edəcək və şəbəkələrə 244 milyard ABŞ dolları sərmayə sərf ediləcək.

Ümumilikdə, qarşıdakı illərdə rəqəmsal transformasiya, süni intellektin tətbiqi, şəxsi məlumatların mühafizəsi, internetdə kibertəhdidlərdən qorunmaq, müxtəlif regionlarda qlobal şəbəkəyə çıxışı olmayan əhalinin internetə çıxışının yaranması və internetin idarəolunması kimi məsələlər mühüm aktuallıq kəsb edəcək.

Əlimərdan Sultanov

 

 

Other news