Artıq Etibarnamələri elektron qaydada almaq olacaq

12:11 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. “myGov” platforması ilə həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat verir.

Vətəndaşlar “myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş etməklə müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir.

Sonda vətəndaşın şəxsi kabinetində bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir.

"Elektron hökumət" konseptinin müasir versiyası olan “myGov” portalı vasitəsi ilə vətəndaşlara nikah üçün müraciətin və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir.

 

 

Other news