Azərbaycanda investisiya dəyəri 74 milyon dollar olan dərman zavodunun açılışı olub

11:32 - 10.12.2019


10 dekabr, Fineko/abc.az. Dekabrın 9-da Pirallahı Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm”ın açılışı olub.

ABC.AZ xəbər verir ki, mərasimdə Baş Nazirin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və “R-Pharm” Direktorlar Şurasının sədri Aleksey Repik iştirak ediblər.

Qeyd olunur ki, 4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanılıb. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcək. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Bildirilib ki, Pirallahı Sənaye Parkı Prezidentin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən, ölkədə əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə Pirallahı rayonunun ərazisində təşkil edilib və müvafiq infrastruktur yaradılıb. Hazırda Pirallahı Sənaye Parkında 5 rezident qeydiyyata alınıb və layihələr üzrə 650-dək daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye parkında artıq bir müəssisə - “Diamed Co” MMC fəaliyyət göstərir.

 

Other news