Ötən ay nə qədər inflyasiya olub? – Mərkəzi Bank Açıqladı

12:40 - 13.12.2019


13 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin aşağı salınması barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın sözügedən məsələ ilə bağlı açıqlamasında inflyasiyanın dinamikasına da toxunulur və qeyd olunur ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə istehlak qiymətlərinin dinamikasında nəzərəçarpacaq dəyişiklik müşahidə edilməyib.

 Rəsmi statistikaya görə noyabrda illik inflyasiya 2,6% təşkil edib ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır. Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8,8%-nin qiyməti dəyişməyib, 15,4%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsul və xidmətlərin 46,4%-nin qiymət artımı 2%-dən aşağı olub. İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4,8% artıb.

Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Dünya ərzaq qiymətləri noyabrda əvvəlki aya nəzərən 2,7%, ötən ilin eyni dövrünə nəzərən isə 9,5% yüksəlib. Digər tərəfdən mövsümü amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir. Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0,9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.

 

Other news