Azərbaycan nefti “Brent” markalıdan baha satılır - SOCAR

12:32 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. Azərbaycanın əsas xam neft brendi olan “Azeri Light” markalı neftin bir barreli 2019-cu ildə çatdırılma nöqtəsində (CIF) ortalama 66,79 dollara satılıb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, ötən il dünyada neftin orta qiyməti əvvəlki illə müqayisədə aşağı olduğuna görə, “Azeri Light” nefti də, həmçinin keçən ildə 2018-cu illə müqayisədə təxminən 9 faiz aşağı qiymətə alınıb. Belə ki, 2018-ci il üzrə “Azeri Light”ın orta satış qiyməti 73,3 dollar/barrel təşkil edib.

2019-cu ildə “Azeri Light”ın qiymətinin pik həddi aprel ayında 77,23 dollar/barrel, ən aşağı qiymət həddi isə düz bir il əvvəl, yanvarda 56,34 dollar/barrel olub.

Hazırda “Azeri Light” neftinin bir barrelinin qiyməti 70 dollardan yuxarıdır. “Azeri Light” yüngül və kükürd tutumu aşağı olan neft növü olduğuna görə, adətən “Brent” markalı neftə nisbətən premiya ilə satılır və hazırda “Brent”dən təxminən 2,25 dollar/barrel bahadır.

Müəllif: Elmir Murad

 

Other news