Neftin qiyməti ilə bağlı daha bir ehtimal - 75 dollara qədər yüksələ bilər

15:15 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. ABŞ və İran arasındakı gərginlik neft bazarına birbaşa təsir göstərir.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov ABC.AZ-a neftin qiymətinin gələcək taleyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Yaxın Şərq qlobal neft təchizatında əsas mənbə hesab olunduğundan adıçəkilən regionda hər hansı bir gərginlik neft təklifinin azalmasına gətirib çıxara bilər ki, bu da investorlar arasında narazıçılıq yaradır.

Bu isə nəticə etibarı ilə qiymət artımlarında və xüsusən də neftin dünya bazarı qiymətinə birbaşa təsir edir: “Qiymət artımı artıq müşahidə olunub. ABŞ-ın İraqın hava limanına atdığı raket zamanı generalın ölümü hadisəsi neftin dünya bazarı qiymətində 4 faiz artımına gətirib çıxarıb. Növbəti günlərdə qiymətin müəyyən qədər stabilləşməsi müşahidə olunsa da, hələ də gərginlik qalır. Və hələ də gərginlik qaldığı üçün bu birbaşa qiymətə təsir edir. Güman edilir ki, ABŞ-İran münasibətləri növbəti mərhələdə Yaxın Şərqdə müharibə ilə nəticələnərsə bu neftin dünya bazarı qiymətinin qısa zamanda 75 dollara qədər yüksəlməsinə gətirib çıxara bilər. Ona görə əslində hazırda iki mövcud ssenari var ki, onlardan biri gərginliyin müharibə ilə əvəzlənməsi halında neftin qiymətində artımların müşahidə edilməsi ilə nətəcilənəcək. Çünki nəticə etibarı ilə neft təklifində də, dünya bazarında neftin çıxrılmasında da çətinlikləır yaranacaq ki, bu da sözsüz ki, qiymət artımlarına gətirib çıxaracaq”.

Müəllif: Elmir Murad

 

Other news