330x110
 

Ötən il Mərkəzi Bank manatın bahalaşmasına imkan verməyib – Ekspert

08.01.2020,17:18


8 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iqtisadçı-ekspert Samir Əliyev Dövlət Neft Fondunun dekabr ayında satdığı xarici valyutanın həcmini açıqlamasına münasibət bildirib.

ABC.AZ-ın məlumatına görə, ekspert bəzi vacib məqamlara toxunaraq bildirib ki, ötən il Mərkəzi Bank öz valyuta ehtiyatlarını 11% artıraraq 6,3 milyard dollara çatdırıb.

Onun sözlərinə görə, bankın ehtiyatlarının il ərzində 632,3 milyon dollar artmasında valyuta alışı müdaxiləsi də rol oynayıb: “Məhz bu müdaxilə ilə Mərkəzi Bank manatın bahalaşmasına imkan verməyib. Daxili valyuta bazarında tәklifin tәlәbi üstәlәməsi səbəbindən manat bahalaşma təzyiqi altında olub. Bu isə onu deməyə əsas verir ki, ötən il manatın üzən məzənnə rejiminə keçidi onun bahalaşması ilə nəticələnə bilərdi. Bu rəyi Mərkəzi Bank 2020-ci il üzrə pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı Bəyanatında da təsdiq edir. İdxalın təxminən 20%-ə qədər artımı da valyuta tələbatına ciddi təsir göstərə bilməyib. Neftin yüksək qiyməti tədbiyyə balansında müsbət saldonu təmin etməyə imkan verib.

Bu il manatın məzənnəsinə ciddi dəyişiklik gözlənilmir. Yalnız 2 hal - neftin kəskin ucuzlaşması və siyasi qeyri-sabitlik istisnadır. Hökumət ən azı ilin birinci yarısında manatı indiki səviyyədə saxlayacaq. Hətta mümkün olsa qərarını ilin sonuna kimi uzadacaq. Ancaq baş verə biləcək xarici və daxili amillər əsasında qərarını dəyişə bilər”.

Müəllif: Elmir Murad