Sahibkarlardan Elman Rüstəmova şikayət – Kredit faizləri yüksəkdir

12:14 - 13.01.2020


13 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən həftə Mərkəzi Bank rəhbərliyi ilə banklar və sahibkarların görüşü keçirilib.

ABC.AZ xəbər verir ki, toplantıda banklardan kredit götürərkən faizlərin yüksək olması və girov problemi qaldırılıb.

Məsələni gündəmə gətirən Azərbaycan sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, ötən ilin sonunda ASK sahibkarlar arasında sorğu keçirib və iş adamlarının böyük bir qismi bildirdilər ki, mövcud kredit faizlərinin və şərtlərin yumşaldılması ilə bağlı müəyyən təklifləri var. O, qeyd edib ki, regionlarda sahibkarlıqla məşğul olan şəxslərin kredit almasında əsas çətinlik girov sistemi ilə bağlıdır: “Daşınmaz əmlak olaraq rayonlardakı evlərin və torpaqların girov kimi tanınması tam reallaşmır. Sahibkarlar daşınar əmlakın girov qoyulması sistemindən istifadə edə bilmirlər. Bunun göstəricisidir ki, Azərbaycanda özəl sektora verilən kreditlərin Ümumi Daxili Məhsula olan nisbəti Avropa, eləcə də qonşu dövlətlərlə müqayisədə çox aşağıdır. Dünya Bankının hesabatına görə, qonşu Gürcüstanda bu göstərici 62.6 faiz, Rusiyada 75.9 faiz olduğu halda, Azərbaycanda cəmi 20.8 faiz təşkil edir”.

Müəllif: Elmir Murad

 

Other news