İcbari tibbi sığorta haqında yeni qərar – Ödəniləcək məbləğin SİYAHISI

14:17 - 13.01.2020


13 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi baş nazir Əli Əsədovun 2020-ci il 10 yanvar tarixli qərarı ilə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” təsdiqlənib.

ABC.AZ xəbər verir ki, qərarla tibbi xidmətlərlə əlaqədar müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar müəyyənləşib.

Həmin maddədə tibbi xidmətlərə tətbiq edilən müştərək maliyyələşmə məbləğləri (tibbi xidmətin tarifinin sığortaolunan tərəfindən ödənilən hissəsi) açıqlanıb. Sözügedən tibbi xidmətlər müvafiq sənəddə nəzərdə tutulan halları əhatə edir.

Belə ki, Sığortaolunan ailə həkiminin (sahə pediatrı, sahə terapevti) göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə beş manat müəyyənləşir. 

Tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət edilərsə, hər bir sığorta hadisəsinə görə məbləğ 5 manat olacaq.  Tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə isə hər bir sığorta hadisəsinə görə 15 manat müəyyən edilir. Sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün məbləğ 5 manatdır. 

Müəllif: Elmir Murad

 

Other news