Daşınmaz əmlakın icbari sığortası yoxsa kommersiya məqsədli süni ajiotaj?

14:27 - 13.01.2020


13 yanvar, Fineko/abc.az. Artıq bir neçə vaxtdır ki, gündəmdən düşməyən mənzillərin icbari sığortası məsələsi hələ də insanlarda çaşqınlıq yaratmaqda davam edir.

Bəziləri məsələni çox ciddiyə alıb, əl-ayağa düşüb narahatçılıq keçirir ki, evlərini sığortalamasalar, cərimələnəcəklər, bir qrup əhali isə bunu şaiyə hesab edərək, hələ də əmlaklarını sığortalamağa tələsmirlər. Ekspertlər də əhalini narahat olmamağa və heç bir cərimənin tətbiq olunmayacağına inandırırlar. Mütəxəssislər hesab edir ki, boş yerə, heç bir şey olmadan əhali arasında narazılıq, ajiotaj yaranır, çünki cərimə mövcud olsa da, hal-hazırda tətbiq olunması mümkün deyil. Onlar düşünür ki, daşınmaz əmlakın icbari sığortası avtomobillərdəki kimi elektronlaşmayana qədər heç kəsə cərimə yazılmayacaq.

Bəs vətəndaş tətbiq olunan cərimələri ödəməsə onu nə gözləyir?

ABC.AZ-ın maliyyə və bank sahəsi üzrə jurnalisti Elmir Murad hesab edir ki, təbii ki,  cərimə ödənilməsə, vətəndaşı məhkəməyə verə bilərlər. Məhkəmə isə o cərimənin alınmasını təminm etmək üçün müxtəlif üsullardan istifadə edə bilər; onun əmək haqqından tuta bilər, ölkədən çıxışına stop qoya bilər, əmlakına həbs qoya bilər və s. Vətəndaşdan sözügedən pulu almaq üçün məhkəmənin bir çox təminedici üsulu vardır. Amma, ekspertlər qeyd etdiyi kimi hazırda bunların heç birisi mümkün deyil. Çünki, cərimə olsa da, onun tətbiq olunması mexanizmi mövcud deyil. Sığorta şirkətlərinin bu vəziyyətdən sui istifadə etməsi isə sadəcə əhalini panikaya salıb.  Burda sadəcə problem ondadır ki, bu cərimə söhbətini heç bir orqan, heç bir dövlət qurumu, inzibati nəzarət orqanı ortaya atmayıb. Bu işdən istifadə edənlər sığorta şirkətləridir. Ev-ev gəzib qanundan çıxarışları paylayıb, əhalidə cərimə qorxusu yaradaraq, pul yığmaqla məşğuldurlar. Bu ajiotajdan kommersiya məqsədi ilə istifadə edirlər. Cərimə söhbətini də məhz sığorta şirkətləri ortaya atıb. Ekspertlərin qeyd etdiyi kimi vətəndaşlar yalnız elektronlaşma başladığı (bitdiyi) təqdirdə narahat ola bilərlər. Bu barədə yəqin ki, əhaliyə öncədən rəsmi məlumat veriləcək. Amma hazırki halda vətəndaşların narahatçılığı yersizdir. Bəli, əgər cərimə tətbiqinə başlansa və siz əmlakınızı sığorta eləməsəniz, belə halda müəyyən problemlərin yaranması qaçılmazdır.  Hətta, İnzibati Xətalar Məcəlləsinə (İXM) görə cərimə 20 gün ərzində ödənilməsə, bu müddətdən sonra yenidən cərimə yazıla bilər.  Nəticə olaraq, həm ekspertlər, həm də mən düşünürəm ki, cərimənin olub-olmamasından asılı olmayaraq, vətəndaşlar mənzillərini mütləq sığortalamalıdır, cünki, birincisi bu qanundur, ikincisi isə bu sığorta sizə lazımdır, cərimə yazan orqana yox.

 

Other news