330x110
 

Baş nazirdən mühüm qərar – Bu sığorta hadisələrində ödəniləcək məbləğ açıqlanıb

13.01.2020,14:32


13 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi baş nazir Əli Əsədov İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfini təsdiq edib.

ABC.AZ xəbər verir ki, sözügedən Xidmətlər Zərfində qərarla tibbi xidmətlərlə əlaqədar müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar müəyyənləşib.

Belə ki, bundan sonra müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə 30 manat müəyyənləşir. Sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün 15 manat pul ödəməli olacaq.

Müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə məbləğ 90 manatdır. Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyəcək. 

Qeyd edək ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir.

Müəllif: Elmir Murad