İcmal büdcəsində profisit yaranıb – 8 milyard manata yaxın

11:27 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. İcmal büdcədə 7 milyard 343 milyon manat məbləğində profisit yaranıb. Bu da proqnozlaşdırılan kəsirlə müqayisədə təxminən 4 dəfə çoxdur.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, profisit 1,8 milyard manat məbləğində proqnozlaşdırılırdı, amma bundan təxminən 4 dəfə çox olub. Nazir bunu belə əsaslandırıb: “Bu da nəticə etibarilə, ilk növbədə, Dövlət Neft Fondunun gəlirlərinin artımı hesabına baş verib. Bu artım da, əsasən, iki istiqamətə bölünə bilər. İlk növbədə, neftin büdcədə nəzərdə tutulmuş qiymətinin faktiki qiymətlə müqayisədə az olması, yəni, büdcədə 60 dollarlıq qiymət nəzərdə tutulmuşdusa, Neft Fondunun mədaxil üçün orta illik qiyməti təqribən 64-65 dollar arasında göstərilir. Amma ötən il əhəmiyyətli dərəcədə artım daha çox Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlərində baş verib. Yəni, nəzərdə tutulan 1,4 milyard manat mədaxilə qarşı 3,5 milyard manatdan yuxarı mədaxil, yəni, 2 milyard manat artıq vəsait toplanıb. Eyni zamanda, icmal büdcənin profisitinin digər səbəbi də dövlət büdcəsində kəsirin olmaması ilə əlaqədardır”.

Müəllif: Elmir Murad

 

Other news