330x110
 

Azərbaycana valyuta daxilolmalarının artımı gözlənilir – Baş nazirin müavini

14.01.2020,11:33


14 yanvar, Fineko/abc.az. Nağdsız əməliyyatların həyata keçirilməsinin artırılması baxımından Rusiyanın “Mir” sisteminin Azərbaycanda tətbiqi məsələləri öyrənilir və yaxın gələcəkdə bizim iqtisadiyyata və ölkəmizin maraqlarına uyğun gələrsə, bu sistemin də tətbiqi baş tutacaq.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə baş nazirin müavini Şahin Mustafayev bildirib.

 Onun sözlərinə görə, sistemin tətbiqi nəticəsində turizm imkanlarının, eyni zamanda, Azərbaycana valyuta daxilolmalarının artımı da gözlənilir. Ş.Mustafayev Azərbaycan və Çin münasibətlərinə də toxunaraq adıçəkilən ölkənin ölkəmiz üçün yeni bir bazar olduğunu vurğulayıb: “Azərbaycanın Çinə ixracında artıq əvvəlki illərə nisbətən artımın müsbət dinamikası müşahidə olunur. Çində bir neçə ticarət və şərab evi açılıb. Biz düşünürük ki, Çin bazarı Azərbaycanın emal olunmuş kənd təsərrüfatı məhsulları üçün müsbət rol oynaya bilər və Çinlə ticarət əlaqələrinin inkişafı baxımından bu işlərin davam etdirilməsi zəruri hesab olunur. Çində ikinci ticarət nümayəndəliyimiz fəaliyyət göstərir. Ticarət nümayəndəliyinin fəaliyyəti nəticəsində qeyri-neft ixracı və ticarət dövriyyəsinin artımında önəmli nəticələr əldə olunub. Artıq Çindən konteyner qatarların Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən Türkiyə ərazisinə keçidi təmin olunur”.

Müəllif: Elmir Murad