Elman Rüstəmov prezidentə söz verdi - Bu il də manatın məzənnəsi qorunacaq

14:37 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. Cari ilin əsas vəzifəsi təbii ki, yenə də inflyasiyadır.

Bu, həm əhalinin gəlirlərinin formalaşmasında, həm manatın alıcılıq qabiliyyətinin qorunmasında, həm əhalinin aktivlərinin, yığımlarının dəyərsizləşməsinin qarşısının alınmasında olduqca prinsipialdır.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir qeyd edib ki, cari ildə də hökumətin rəsmi baza proqnozu məlumdur.

“Düşünürük ki, Mərkəzi Bankın proqnozu dəyişmir, inflyasiyanın 4 faiz ətrafında sabitləşdirilməsi planlaşdırılır” deyə E. Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə hökumətlə birlikdə sıx koordinasiyada bütün işləri görəcəyik ki, bu inflyasiya səviyyəsinə nail olaq: “Təbii ki, burada bir sıra amillər də var. Bu amillərdən ən başlıcası manatın sabitliyidir. Düşünürük ki, hökumətin rəsmi baza proqnozunda 55 dollarda belə tədiyə balansımız bu il də müsbət olacaqdır və valyuta ehtiyatlarını yığmağa imkan verəcək. Ancaq biz ümid edirik ki, bütövlükdə bir tərəfdən neftin faktiki qiymətinin daha da yüksək olması və valyuta vəsaitlərinin, valyuta gəlirlərinin şaxələnməsi istiqamətində görülən tədbirlər imkan verəcək ki, daha tarazlı valyuta bazarına malik olaq. Düşünürük ki, bu il də manatın məzənnəsinin sabitliyi qorunacaq”.

Müəllif: Elmir Murad

 

Other news