Palata Neft Fondunun gəlirlərinin azalacağına dair rəyini belə izah edib - Açıqlama

16:15 - 23.01.2020


23 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Hesablama Palatası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə rəy bildirib.

ABC.AZ xəbər verir ki, rəydə qeyd edilib ki, Fondun yerləşdirdiyi investisya alətlərində gəlirliliyin əvvəlki illərlə müqayisədə azalması dünya maliyyə bazarlarında ABŞ dollarında olan borc öhdəlikləri və pul bazarları portfelinin gəlirliliyinin 2020-ci ildə keçən ilə nisbətən daha aşağı olmasının gözlənilməsi ilə izah oluna bilər.

Buna səbəb, ABŞ iqtisadiyyatında son zamanlar müşahidə olunan makroiqtisadi dəyişikliklər, o cümlədən yeni tendensiyaları qeyd etmək olar: "ABŞ iqtisadiyyatındaki zəifləməni, o cümlədən inflyasiya və iqtisadi artım göstəricilərinin daha da aşağı olmasını nəzərə alaraq Federal Reserv Sistemi bu ilin iyul ayında artıq bir dəfə faiz dərəcələrini aşağı salmasını qeyd etmək olar. Eyni zamanda Avrozonada iqtisadi artım sürəti aşağı olmaqla müşahidə edilir. Bundan əlavə, Avrozona ölkələrində əhəmiyyətli dərəcədə kütləvi borc öhdəliyi olmasının və yaşanan iqtisadi zəifləmənin yaxın dövr üçün yumşaq pul siyasətinin tətbiqinə işarə etməsi, bununla yanaşı, nəzərə alsaq ki son zamanlar avro sabit gəlirli qiymətli kağızlar bazarlarında gəlirlilik əyrisi aşağı düşməkdə davam edir. Bu isə öz növbəsində avro portfeli üçün 2020-ci ildə mənfi gəlirlilik gözləntisinə şərait yaradır. Eyni zamanda Çin iqtisadiyyatında son il ərzindəki geriləmənin iqtisadi artıma və suveren istiqrazların gəlirliliyinə təsiri və Türkiyə Mərkəzi Bankının iyul ayında faiz dərəcələrini endirməsini də nəzərə alsaq, digər valyutalarda sabit gəlirli investisiyalar üzrə gözlənilən orta gəlirliliyin cari ilə nisbətən aşağı səviyyədə olmasını proqnozlaşdırmaq qənaətinə gəlmək olar. Səhm bazarlarında isə gərginlik müşahidə olunmaqdadır. Böyük Britaniyada davam edən Brexit qeyri-müəyyənliyi biznes mühitində zəiflik yaratmaqla müşahidə edilir. Digər tərəfdən isə Avrozonada hökm sürən genişləndirici fiskal siyasətin daha da böyüməsi ehtimalı inkişafa dəstək verən amillər kimi qiymətləndirilə bilər. Qeyd olunanları və səhm bazarlarında baş verən volatilliliyinin dərinləşmə ehtimalını nəzərə alaraq gəlirliyin ehtiyatlı yanaşma prinsipi əsasında proqnozlaşdırılmasını məqsədəuyğun hesab edirik. Yuxarıda qeyd olunanları və qiymətli kağızlar bazar konyukturları üzrə yaranmış və yarana biləcək risklərin minimuma endirilməsi istiqamətində təqdim olunmuş investisiya siyasətində ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur".

Müəllif: Elmir Murad

 

Other news