Azəri-Çıraq-Günəşlinin başqa mərhələsində tikinti başlayıb – Dəyəri 6 milyard dollardır

14:30 - 6.02.2020


6 fevral, Fineko/abc.az. 2019-cu ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təxminən 567 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 476 milyon dollara yaxın əsaslı məsrəflər xərclənib.

ABC.AZ xəbər verir ki, bu BP şirkətinin Biznes Əməliyyatları Hesabatında qeyd olunub.

Hesabata əsasən ötən ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsinə sanksiya verilib. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilib və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

2019-cu ildə bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanmış və iyul ayında tikinti işlərinə başlanıb. Tikinti işləri ilin ikinci yarısında  genişlənməyə davam edib.

Hazırda platformanın üst modulları və qazma qurğusunun tikinisi və quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsində plan üzrə irəliləyir, dayaq bloku və onun payalarının tikintisi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda qrafiki qabaqlamaqla davam edir.

 

Other news