Sürücülər böyük həcmdə cərimələnib – Yol Polisi tərəfindən

16:40 - 14.02.2020


14 fevral, Fineko/abc.az. 2019-cu ildə yol hərəkəti qaydalarının pozulmasına görə,sürücülərə 119 milyon manat məbləğində cərimələr tətbiq olunub.

ABC.AZ xəbər verir ki, məbləğ əvvəlki illərlə müqayisədə kəskin artıb. Belə ki, qaydaların pozulmasına görə 2018-ci ildə 85,6 milyon manat, 2017-ci ildə 73,7 milyon manat, 2016-cı ildə 85,4 milyon manat, 2015-ci ildə isə 88,5 milyon manat məbləğində cərimələr ödənilib.

Bununla yanaşı il ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3999,1 min təşkil edib.

Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Müəllif: Elmir Murad

 

Other news